Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Bu barədə Bizimyol.info-ya azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında “Albalı” uşaq bağçasının yaxınlığında meydana gəlib. Evə gələn Tuncay Məmmədov atasına onu oğurlamaq istədiklərini bildirib.

R.Məmmədov bildirir ki, əvvəlcə ona inanmayıblar. Lakin bağçanın mühafizəçisi də uşağın dediklərini təsdiqləyib. Bundan sonra o,102 polis xidməti ilə əlaqə saxlayıb. Polislər yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləmək istəsələr də sahibi orada olmadığından buna nail ola bilməyiblər.

Azyaşlı atasına həmin hadisəni danışarkən bildirib ki, oğurluq etmək istəyən şəxs ona “kinder” alacağını bildirib. Həmin şəxsin hərəkətlərindən qorxan uşaq qaçaraq oradan uzaqlaşıb.

Qeyd edək ki, R.Məmmədov 102 polis xidməti ilə əlaqə saxladıqlarını, lakin rəsmi ərizə ilə polisə müraciət etmədiklərini bildirib.