Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, boğulma təhlükəsi ilə üzləşənlər – Bakı şəhər Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Həsənov Elvin İlqar oğlu və 2002-ci il təvəllüdlü Dadaşov Orxan Elçin oğludur. Onların həyatını xilas etmək mümkün olub.

Xilasedicilərin axtarışları nəticəsində isə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Səmədov Rəhim Rasim oğlunun cəsədi batdığı yerdən 150 metr aralıda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

* * *

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Oxu.Az xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır”.

Suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.

Minval.info