Gecəqondu evdə yaşayan beş nəfərdən ibarət ailənin maddi köməyə ehtiyacı var. 

Minval.info xəbər verir ki, bu barədə Bakı sakini Esmira Cavadova məlumat verib. Onun sözlərinə görə, ailənin azyaşlı uşaqları məktəbə yaxın yaşasalar da, maddi sıxıntı ucbatından təhsil ala bilmirlər.

“Böyüyü 12 (qız), ortancılı 11 (oğlan), kiçiyi 9 (oğlan) yaşındadır. Heç vaxt məktəbə getməyiblər, halbuki məktəb yaxınlıqdadır. Uşaqlar özləri elə bu gördüyünüz taxta gecəqondunun qarşısında dəftərlərini dizlərinin üstünə qoyub hərfləri yazmağı öyrənirlər. Məktəbə maraqları böyükdür. Əvvəl elə bilmişdim, məktəbə getməmələrinin səbəbi həm də sənəd problemidir. Ancaq dünən aydınlaşdırdım ki, problem geyim və məktəb ləvazimatları ilə bağlıdır. Təsəvvür edin ki, bu uşaqlar 7, 6, 4-cü siniflərdə oxumalıdılar, ancaq əyin-başları, məktəb ləvazimatları düzələndən sonra 1-ci sinifə gedəcəklər. Olduqca ağır durumda yaşayırlar. Həm də ərzağa çox ehtiyacları var” – Esmira xanım qeyd edir.

E.Cavadova bildirir ki, ailənin yaşadığı yerin konkret ünvanı yoxdur. Biləcəridə yükdaşıma dəmiryolunun ətrafında qamışlıqların arasında taxta gecəqonduda məskunlaşıblar: “Yaşadıqarı yerə çarpayı sığmır. Yay-qış yeməkləri, oturub-durmaqları çöldədir. Həqiqətən də içəridə yer yoxdur. O qədər qarışıq yerdir ki, adam bir dəfə gedəndə ikinci dəfə gedib oranı tapa bilməz”.

Esmira Cavadova uşaqların valideynlərindən söhbət açmasa da, atalarının nömrəsini qeyd edərək kömək etmək istəyənlərin onunla əlaqə saxlamalı olduqlarını söyləyib. (055-941-52-69 Tacəddin bəy)