Kasıbın və varlının ölümü neçəyə başa gəlir?

Azərbaycan bir insanın dünyadan köçməsi, gəlişindən baha başa gəlir. Xüsusilə ölkəmizdə adət-ənənəni nəzərə alsaq, vəziyyət bir az da qəlizləşir.

Ölən şəxsin dəfn olunmasına, müxtəlif mərasimlərinin təşkilinə, qəbristanlıqda ona ayrılan torpağa və s. xeyli pul xərclənir.

Bir müddət öncə mediada vəfat edən şəxslərlə bağlı dövlət proqramının hazırlanması barədə xəbərlər dolaşdı. Lakin bunun konkret bir nəticəsi ortaya çıxmadı. Elə xəbər kimi saytlarda dolaşması ilə kifayətləndi.

Minval.info vəfat edən şəxsin son mənzilə qədər gedən yolda nə qədər xərc çəkildiyini araşdırıb.

Əvvəlcə mərhumun dünyası dəyişdiyi gün onun yuyulmasına ayrılan məbləğin 50-100 manat arasında dəyişdiyini bildirək. Bəzi yerlərdə daha ucuz qiymətlər təklif edilir. Bunu prosesin ən sərfəli hissəsi hesab etmək olar. Çünki əsas çətinlik meyitin yuyulmasından sonra başlayır. Təbii ki, ölüm qəfil gəlibsə. Bəzi insanların xəstə yatağında olması və onun ölümünə hazırlıqlar istisnadır. Belə olan halda meyit yuyulmadan hazırlıq tədbirləri çoxdan görülmüş olur.

Ölən şəxsin dəfn olunması üçün qəbristanlıqda torpağın qiymətinin neçəyə olduğunu öyrəndik. Məzarlığın şəhərdən uzaqlıqda və ya yaxınlıqda yerləşməsi, qiymətə təsirsiz ötüşmür. Belə ki, mərkəzdən uzaqlaşdıqca, qiymət 400 manata düşürsə, şəhərə doğru bu məbləğ 2500 manata çatır. Həmçinin məlum olub ki, danışıqla məbləğdə endirim etmək də mümkündür.

Əməkdaşımız həmçinin məzar daşlarının məbləği ilə tanış olub. Adətən, istifadə olunan qara mərmər daşlarının qiyməti 2000 manatdan başlayır. Əgər dəfn olunan şəxsin yalnız başdaşı deyil, eyni zamanda məzarın ətrafına əl gəzdiriləcəksə, bu məbləğ 3000 manata bərabər olur. Bu işlə məşğul olan şəxs hazırda bunlardan istifadə olunduğunu bildirib. Ucuz daşların isə tarixə qovuşduğu və nadir hallarda sifariş edildiyi məlum olub.

Yeri gəlmişkən, müsəlman Azərbaycan ölkəsi olmasına baxmayaraq, bu proses qeyri-müsəlmanlardan fəqli olaraq dəbdəbəli həyata keçirilir.

Hazırda vəfat edən şəxsə görə təşkil olunan məclislərin mərasim evlərində təşkil olunduğu nəzərə alaraq, əvvəlcə buranın qiymətləri öyrəndik. Məlum oldu ki, məbləğ 12-15 manat arasında dəyişir.

Kirayə çadır sifarişinin ən sərfəlisinin qiyməti 150 manatdan başlayır. Sərfəli dedikdə, məbləğ nəzərdə tutulur və buraya xidmət aid edilmir. VİP çadırların ən ucuzunu sifariş etmək üçün isə 800 manat ödəmək lazımdır.

Məclisdə iştirak edəcək mollanın qiyməti hələ tanışlıqla 50 manatdan başlayır. Bu rəqəm 200 manat arasında dəyişir.

Beləliklə, buraya yük maşınının xərcini də daxil etsək, ən ucuz ölüm orta hesabla 2400 manata başa gəlir. Varlı ölüm isə ən azı təxminən 10 min manata bərabərdir.

Samir Mirzə

Minval.info