Nəqliyyat müfəttişləri uzun aradan sonra yenidən diqqət mərkəzinə düşüblər.

Minval.info-ya göndərilən videoda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olduğu deyilən iki xidməti avtomobilin yolda qəza vəziyyəti yaradığı əks olunub.

Şahidlərin saytımıza verdiyi məlumata görə, sözügedən hadisə Xocasən-Sədərək Ticarət Mərkəzi yolunda baş verib. Xocasən qəsəbəsi istiqamətində hərəkət edən nazirliyə məxsus avtomobillər yük maşınını saxlamağa çalışıblar. Lakin bu, ciddi qəzaya yol açacaq tərzdə həyata keçirilib. Belə ki, müfəttişlər yolda təhüləki manevrlər ediblər. Xidməti avtomobillərdən biri əks zolağa çıxaraq yük maşının qabağını kəsməyə çalışıb. Bu zaman qarşıdan gələn minik maşını ilə toqquşma təhlükəsi yaranıb.

Görüntülərə əsasən, yük maşının qaşısını kəsməyə çalışan nazirlik əməkdaşları istəklərinə nail ola bilməyib.

Qeyd edək ki, hadisə 2 avqust saat 15:14 radələrində baş verib.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytındakı İctimaiyyətlə əlaqələr bölməsi başda olmaqla bir neçə nömrə ilə əlaqə saxladıq. Lakin bu olayla bağlı saytımıza açıqlama verilmədi.

Samir Mirzə / Minval.info