Bakıda mağazaların birində oğurluq edən şəxs tutulub.

Minval.info xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə iki nəfər şəxsin gənc adamı döyməsi öz əksini tapıb.

İddialara görə, həmin şəxslər marketin əməkdaşlarıdır və mağazadan yağ oğurlayan şəxsi döyüblər. Yağ oğurlayan şəxs marketin mühafizəçilərindən qaçmaq üçün yaxınlıqdakı parka üz tutub, amma oradan uzağa gedə bilməyib. Ondan oğurladığı yağı alıblar və hadisə yerinə polis çağırılıb.

Minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov mühafizəçilərin hərəkətinin tam qanunsuz olduğunu deyib:

“Əgər mühafizəçilər oğurluq edən şəxsi tutduqdan sonra döyüblərsə, xəsarətin ağırlıq dərəsindən asılı olaraq onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunvericilik polisə, mühafizə orqanlarına heç bir halda vətəndaşı döyməyə imkan vermir”.

Həmin videonu təqdim edirik:

Minval.İnfo