İcra hakimiyyəti sakinlərə paltarları balkonlardan görünməyən asılqanlarda, yaxud paltaryuyan maşınlarda qurutmağı tövsiyə edir.

Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.

Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Hüseyn Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.

Cəfərovun sözlərinə görə, balkonlardan qurudulmaq üçün asılmış paltarlar estetik görünmür. Şəhərdə isə turistlər dolaşır və onların sayı günbəgün artır. Ona görə də İcra Hakimiyyəti müntəzəm olaraq sakinlərdən paltar qurutmaq üçün çəkdikləri zivələri balkonlardan ləğv etməyi xahiş edir.

“Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr çox eybəcər görünür” — deyə Cəfərov İH-nın sözügedən tələbinin səbəbini izah edərkən deyib.

Onun sözlərinə görə, sakinlərə paltar zivələrinin əvəzinə balkonlardan görünməyən alternativ paltar quruducularından istifadə tövsiyə edilir. Yaxud da paltarları içəri həyətlərdəki zivələrdə qurutmaq olar.

“Satışda paltar qurutmaq üçün xüsusi standart asılqanlar var. Eyni zamanda müasir paltaryuyan maşınlar o qədər təkmilləşdirilib ki, onlar həm paltarı yuyur, həm də qurudurlar. Onlardan da istifadə etmək mümkündür. Yəni çıxış yolu çoxdur. Avropada necə edirlərsə, bizdə də elə etmək mümkündür.” — deyə rayon administrasiyasının nümayəndəsi bildirib.

Yeri gəlmişkən, əgər kimsə İH-nın tələbini yerinə yetirməsə, onun qanunlarla problemi yarana bilər. Belə hallarda sakinlərin qapılarını sahə polisinin əməkdaşları döyəcək.