143 saylı orta məktəb ile ilgili görsel sonucuTəhsil müəssisəsinin həyətindəki vəziyyət valideynlərin narazılığına səbəb olub. Direktor neqativ halın qarşısını ala bilmədiyini dilə gətirir.

Minval.info xəbər verir ki, Bakının Binəqədi rayonunda yerləşən 143 nömrəli orta məktəbin həyətinə avtomobillərin daxil olduğu bildirilir. Bu barədə şikayət edən valideyn hesab edir ki, sözügedən vəziyyət  şagirdlərin həyatı üçün təhlükəlidir.

“Maşınları məktəbin həyətində saxlayırlar. Burada şagirdlər qaçır, hərəkət edir. Avtomobillərin təhsil müəssisəsinin həyətinə daxil olması düzgün deyil. Burada maşını saxlayarkən və ya həyətindən çıxarkən uşaqlar xəsarət ala bilərlər. Ona görə düşünürəm ki, bu, yolverilməzdir. Biz uşaqlarımızı məktəbə gətiririk, müəllimlərə əmanət edib gedirik. Hər hansı bədbəxt hadisə baş versə, buna kim cavabdeh olacaq?!” – adının açıqlamasını istəməyən valideyn deyir.

O hesab edir ki, kimliyini açıqlasa şagirdinə qarşı mənfi münasibət göstəriləcək. Valideyn bu səbəbdən özünü neqativ hallardan sığortalayır.

Məsələ ilə bağlı məktəb direktoru Elmar Həşimov saytımıza açıqlama verib. O bildirib ki, sözügedən vəziyyətin yaranmasının əleyhinədir və bunun qarşısını almağa çalışırlar:

“Səhər və günorta vaxtı məktəbin darvazasını açıq qoyuruq ki, uşaqların hərəkəti üçün maneçilik törətməsin. Təkcə kiçik qapı açıq olarkən sıxlıq yaranır. Bu zaman fürsətdən istifadə edən valideynlər olur, nə edə bilərik? Televiziyada da, valideyn iclasında da dəfələrlə demişəm ki, məktəbin həyətinə maşınla daxil olmaq qadağandır. Xeyri yoxdur. Şəxsi maşınımı məktəbdən 100 metr uzaqlıqda saxalayıb piyada gəlirəm. Uşaqların təhlükəsizliyinə hamıdan çox mən cavabdehəm. Bəzi valideynlər bizi başa düşmür”.

Samir Mirzə