“Qızım, kürəkənim bir də 11 aylıq nəvəm bizə qonaq gəlmişdilər. Nəvəm təzəcə yeriməyə başlamışdı. Onda bura çox bərbad gündə idi. Məhəccərlər yox idi, nəvəm ikinci mərtəbədən yerə düşdü. Boynu qırıldı, öldü… O gündən bu vaxta qədər qızımın yanında xəcalətliyəm”.

Bu sözləri Lent.az-ın əməkdaşına söyləyərkən, 72 yaşlı Asya Xəlilovanın gözləri dolur. Eyvana çıxıb on bir aylıq nəvəsinin yıxıldığı yer göstərir: “Bax, buradır, burdan düşdü…”

Xəlilovlar ailəsi 1993-cü ilin sentyabrından Bakının Suraxanı rayonu ərazisindəki 24 saylı poliklinika ilə üzbəüz olan 80 nömrəli ikimərtəbəli yarımçıq tikilidə məskunlaşıblar. Yeni Günəşli qəsəbəsinin AB massivində yaşayan bu ailə ilə tanış olmaq üçün ikinci mərtəbədəki mənzillərinə yollanırıq.

Qaranlıq dəhlizlə, pillələri laxlayan pilləkənlə yuxarı qalxırıq. Asya xanım deyir ki, təkcə Xəlilovlar ailəsi yox, burada Ağdamdan, Qubadlıdan, Zəngilandan, Füzulidən olan 40-a yaxın ailə yaşayır. Özü də 25 ildən çox. Acınacaqlı şəraitdə, 9, 8 kvadratmetr darısqal otaqlarda beş, altı, hətta yeddi nəfərlik ailələrin yaşadığını deyir, Asya nənə. Gəldiyimizi eşidib, 7 nəfərlik ailə üzvləri başımıza toplaşır.

“Divarları “skoç”la saxlayırıq…”

Evin ağsaqqalı Azad Xəlilov danışır. Deyir ki, 25 ildə kimsə onlarla maraqlanmayıb. Rütubət içərisində övladlarının, nəvələrinin xəstəlik blokadasında yaşadığından gileylənir.

Asya Xəlilova isə deyir ki, iki otaqda yeddi nəfər yaşayır:

– 18 kvadratmetrlik yerdən üç otaq düzəltməyə çalışmışıq. Fanerlərlə arakəsmə düzəltmişik. Cavan oğlumla gəlinim bu balaca otaqda yatır. Nəvələrim də o biri otaqda… Biz də nəvələrimizlə birgə qalırıq. Qonaq otağımıza qoymağa stolumuz da yoxdur.

– Bəs haralara müraciət etmisiniz?

– Hər yerə yazmışıq. Cavab verən olmayıb.

– Gəlib baxmayıblar?

– Gəliblər, baxıblar, o gedən gediblər, vəssalam.

Xəlilovlar ailəsinin gəlini danışır. Deyir ki, divarlar uçub tökülür, təmir etməyə isə imkan yoxdur:

– Divarlar üstümüzə uçmasın deyə “skoç” yapışdırmışıq. Yaxınlıqdan ağır tonnajlı maşınlar keçəndə qorxuya düşürük. Elə bilirik divarlar üstümüzə gələcək.

– Yapışdırıcı ilə divar qorunmaz axı!?

– Baxın, kərpiclər görünür.

Sonra Asya Xəlilova məni çəkə-çəkə üzərinə yapışdırıcı çəkdikləri divarın yanına çəkir:

– Əvvəl gəc töküldü. Sonra rütubətdən divarlar aralanmağa başladı. Qorxumuzdan nəvələrimə deyirəm ki, divarlara söykənməyin. Allah eləməsin, adi bir zəlzələdən hamımız burada qırılarıq.

Bir otaqda 6 nəfər…

Telman Qəribov da Qubadlı rayonundan məcburi köçkün düşüb. 25 ildir ki, ikimərtəbəli yarımtikili yataqxanada məskunlaşıb. Deyir ki, bu birotaqlı evə gəlin gətirib. Oğlu ilə gəlininə bir küncdə yer düzəldib. Divarları isə plastik materiallardan olan “hasarlar” əvəz edir:

“Oğul, nəvələrimi və gəlinimi rayona göndərmişəm. Gəlinimin anasıgilə gediblər. Çünki yaydır, burada qalmaq olduqca çətindir. Hər tərəfdən üfunət qoxusu gəlir. Uşaqlar da yazıqdır. Xəstəlik taparlar. Aşağı zirzəmini təmizləyən yoxdur. Çirkab içərisində yaşayırıq. Kanalizasiya işləmir. Hər şey zirzəmiyə dolur, elə qrunt suları da, çünki bina dərənin, təpənin arasında yerləşir. Çökəklikdəyik”.

Telman kişi çəliyini yuxarı qaldırıb, evin divarlarını göstərir. Divarlar çatlayıb. Qəzalı vəziyyətdədir. Deyir ki, burada hər an uçma baş verə bilər:

“40-a yaxın məcburi köçkün ailəsidir. Deyən yoxdur ki, siz kimsiniz, haradan gəlmisiniz, burada niyə yaşayırsınız? Bizi yiyəsiz qoyub gediblər. Heç olmasa, başqa binaya köçürsünlər. Təzə bina tikməyə gücləri çatmırsa, qazı-suyu olan bir yer versinlər. Gedib başımızı salıb yaşayaq. 40 ailə bu qəzalı binada ölsə, kim cavab verəcək?”

Əsgər anası: “Balaca oğlum yerdə yatır…”

Baxışovlar ailəsinin üç övladı var. Füzuli rayonundan məcburi köçkün düşüblər. Uşaqların hamısı birotaqlı evdə doğulub – Samirə Quliyeva belə deyir. Ailənin gəlinidir. Bizi içəri dəvət edir. Darısqal otaqda alt-üst çarpayıda yatıb-durduqlarını, uşaqlardan birinin çarpayıda, o birinin isə yer olmadığı üçün yerdə yatdığını bildirir:

– İçəri yerləşdirməyə çarpayımız yoxdur. Yerdən yorğan-döşək salıram. Uşaq orada yatır. Divarlar da nəmişlikdən, rütubətdən çat verib. Hər gecə oyanıram. Qorxuram ki, divar uşağın üstünə tökülər. Bu balaca yerdə kartonlardan mətbəx düzəltmişik. Qabaqdan bir balaca yer artırmışıq. Həyətin qurtaracağı ilə evimizin arası cəmi ikicə metrdir”.

Samirə xanım deyir ki, təkcə yoldaşı işləyir. Gündəlik beş-on manatlıq fəhlə qazancı ilə evi dolandırır:

– Oğlum Goranboyda əsgərlikdədir. Qışda gedib. Beş ayda cəmi bircə dəfə pul düzəldib yanına getmişik. Dolana bilmirik. Evimiz bu gündə, rahatlığımız yoxdur. “Qaçqınkom”un sədri Rövşən Rzayevə ümidimiz qalıb. Ondan xahiş edirəm ki, bizi evlə təmin etsin. Yay gələndə üfunət qoxusu buraları bürüyür, gecələr yatmaq olmur.

Samirə xanım həşəratların əlindən çörəyi və turşuları sellofana büküb divardan asdığını deyir. Sonra fotoqrafımıza çatlamış divarı göstərir:

– Bunu çək, bunu. Bəlkə rəhmləri gəldi bizə…

Sonra əl-ayağa düşür. Üzü qızarır:

– Siz allah, qırıq güzgümüzü çəkməyin, utanıram.

“Qaz yox, su yox, işığın ümidinə…”

Yetmiş üç ilin 25 ilini məcburi köçkün həyatında yelə vermiş Azad Xəlilov odlu-odlu danışır. Deyir ki, binanın bir tərəfində su var, o biri tərəfində yoxdur:

– İçməli su sarıdan əziyyət çəkirik. Zirzəmidən pis qoxular ikinci mərtəbəni də bürüyüb. Burada 25 ildir qaz yoxdur.

– Bəs istiliyinizi necə təmin edirsiniz? Xanımlar yeməkləri harada bişirir?

– İşığın ümidinə qalmışıq. İkinci mərtəbə beton deyil, taxtadandır. Özümüz bəzi otaqları sonradan artırmışıq. Əyər bir qısa qapanma olsa beş dəqiqənin içərisində bu boyda bina yanıb külə dönəcək.

– Siz buraya köçəndə də buradakı vəziyyət acınacaqlı idi?

– Bura daha pis gündə idi. Öz imkanlarımız hesabına hələ 1996-cı ildə mən təmir etdirmişəm. Nazirlər Kabineti yanında Əhaliyə Xidmət İdarəsi vardı. Qohumlarım orada işləyirdi. Xahiş etdim, gəldilər. Binanın dam örtüyünü “şiferləri” məftillə betona bərkidiblər. Həmin məftillər də artıq yararsız hala düşüb. Güclü külək olsa, binanın dam örtüyünü aparacaq.

Azad Xəlilovun ardınca Şəlalə xanım danışmağa başlayır. Deyir ki, Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən olan məcburi köçkün kimi burada ikiotaqlı evdə yaşayır. Daha doğrusu, birotaqlı evi iki yerə bölüblər:

– Bizi köçürmək üçün hər yerə müraciət etmişik. Müraciətlərimizin sənədlərini də saxlayırıq. Ümidimiz Rövşən Rzayevə qalıb. Hər yer rütubət içərisindədir. Yaşamaq mümkün deyil. Otaqlarda havasızlıq var. Gəlin gətirmişik, qız köçürmüşük. Hamısı bu birotaqlı evdə…

İki metrlik həyət

Başqa bir xanımla söhbətləşirik. Deyir, iki metrlik həyətdə nəvələri oynamağa yer tapmır. Yay olanda toz-torpağın evin içərisində var-gəl etdiyini söyləyir:

– Uşaqları gözümüzdən qoymuruq. Həyətə çıxanda toz udurlar, evdə qalanda da rütubət və pis qoxu yazıqları birtəhər edir. Evin içərisində burunlarını tutub gəzirlər. Qonşunun uşağı ciyərlərindən müalicə alır. Nə yaşı var onun? Uşaqdı axı…

Sonra Samirə xanım irəli keçir. Deyir ki, indiyə qədər xəstə övladına 4 min manat pul xərcləyib. Hələ də müalicəsi başa çatmayıb:

– Bir ayağımız xəstəxanalardadır. Hamısı rütubətin, nəmişliyin bəlasıdır. Xəstəlik yuvasıdır bura. 25 ildir dözürük. Amma uşaqlar dözmür axı. Qaçqın olanda nə olar, bu uşaqlar da rütubətsiz evdə yaşamaq, geniş meydançada oynamaq istəyirlər.

***

Burnumu tuta-tuta baş çəkdiyim sonuncu baş çəkdiyim otaqdan çıxıram. Arxamca yüyürən beş-alı yaşlarında bir uşaq həyəcanlı səslə pencəyimdən çəkir:

– Əmi, bizə evi sən verəcəksən yoxsa, yekə əmilər?…