Futbol üzrə Avropa Liqasında ikinci finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə “Arsenal”ına “Çelsi” rəqib olub. “Zadəganlar” yarımfinalda Almaniya “Ayntraxt”ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.

Bu zaman “Çelsi”dən Sezar Aspilikueta, “Ayntraxt”dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Arsenal” – “Çelsi” qarşılaşması saat 23:00-da başlanacaq. “Arsenal” kimi “Çelsi” də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə “zadəganlar” “Qarabağ”la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub – 4:0.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) – 1:1 (ƏLAVƏ VAXT – 0:0, penaltilərlə – 4:3)

Qollar: Ruben Loftus-Çik, 28 – Luka Yoviç, 49

Penaltilər seriyası: Sebastyan Alle (0:1), Ross Barkli (1:1), Luka Yoviç (1:2), Sezar Aspilikueta (1:2), Conatan de Quzman (1:3), Jorjinyo (2:3), Martin Hinteregger (2:3), David Luis (3:3), Qonsalo Pasiensia (3:3), Eden Azar (4:3)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

London. “Stemford Bric” stadionu

İlk oyun – 1:1.


***00:52

Futbol üzrə Avropa Liqasında ilk finalçının adı məlum olub.

“Report”un məlumatına görə, İngiltərənin “Arsenal” komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək.

“Topçular” yarımfinalda İspaniya “Valensiya”sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib – 4:2. “Arsenal”ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. “Valensiya”dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada “Arsenal”ın rəqibi hazırda davam edən “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) görüşünün qalibi olacaq.

Qeyd edək ki, “Arsenal” bu mövsüm qrup mərhələsində “Qarabağ”la səfər matçını da Bakı Olimpiya Stadionunda keçirib. Görüş London komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

9 may

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) – 2:4

Qollar: Kevin Qameyro, 11; 58 – Pyer-Emerik Obameyanq, 17; 69; 88. Aleksandr Lyakazett, 50

Baş hakim: Danni Makkeli (Hollandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun – 1:3