Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xarici ölkə vətəndaşı kor olduğunu iddia edir.

AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan əslən Türk əsilli hazırda Londonda yaşayan Nərgiz Coşqun adlı qadın mart ayında Bakıda keçirdiyi əməliyyatdan sonra görmə funksiyalarını itirdiyini deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdən gördüyü reklamlardan sonra “İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevə müraciət edib. Martın son həftəsində isə əməliyyata girib:

“Əməliyyat zamanı beyin qanaması keçirdim. Bunu əməliyyatdan sonra mənə heç kim demədi. İstanbulda aparılan müalicədən sonra mənə bu haqda məlumat verdilər. Əməliyyatdan sonra görməməyə başladım. Mənə bunun keçici olduğunu dedilər və bu cür əməliyyatlar zamanı belə halların ola biləcəyi bildirildi”.

Xəstənin sözlərinə görə, görmə qabiliyyətini itirməsindən sonra təkrar müalicələr almağa başlasa da, müalicə heç bir nəticə verməyib. N. Coşqunun sözlərinə görə o artıq 5 aydır ki, görmür:

“İstanbula gedərək əməliyyatdan sonra yenidən müalicə almağa başladım. Mənə İstanbulda əməliyyat zamanı sinirlərə toxunulduğu və beyindəki görmə mərkəzində bir çox sinirlərin öldüyünü dedilər. O gündən sonra nə həkimə, nə də onun köməkçilərinə zəng edə bilmədim”.

Məsələ ilə bağlı portalımıza danışan cərrah Elvin Əliyev sözügedən xəstəni iki dəfə əməliyyat etdiyini və əməliyyatların hər birinin uğurlu olduğunu deyib:

“Həmin xanım iki dəfə bizdə əməliyyat olundu. Birinci əməliyyatdan sonra da onda görmə problemi yaranmışdı. Ancaq daha sonra onun vəziyyəti düzəldi. İkinci əməliyyat isə aşağı nahiyyədə estetik əməliyyat idi. Bu əməliyyatı da uğurla həyata keçirdik. Ancaq bu xanımın gözlərindəki problemin bizlə heç bir əlaqəsi yoxdur. Onun görmə qabiliyyətləri ilə bağlı beyin toxumalarında anadangəlmə problem var idi. Həmin xanımın biz daha sonra qardaşını dəvət elədik və birlikdə xəstəxanadan ayrıldılar. Bununla bağlı sənədlər də əlimdə var. Onları da sizə təqdim edə bilərəm”.

Mövzuya yenidən qayıdacağıq.