Sakinlər isə onlara təklif olunan kompensasiyanın məbləğindən narazıdır…

Bayıl yamacında “Teleqüllə”  ətrafında olan sürüşmə zonasında vəziyyət gərginləşib. Ərazidə yaşayan sakinlər “Yeni Müsavat”a bildiriblər ki, onlara köçmək üçün kompensasiya təklif  olunub.

Əvvəlcə onu qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda mütəxəssislər Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlayır:  “Sadəcə olaraq vaxt tələb olunur. Baş verən hadisə təbii prosesin nəticəsidir. İnsan amili bunu yalnız sürətləndirə bilər. Sürüşmə baş verəndə, adətən, günahkarı axtarıb tapmağa çalışırlar. Ola bilər kimsə öz fəaliyyəti ilə buna təkan verə bilər. Lakin belə hadisələr hətta daş dövründə, eləcə də XVIII əsrdə də olub. Bu gün baş verənlərin qarşısını tam həcmdə almaq çətin məsələdir. Hər halda həm yerli, həm də xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyir və ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Noyabrın 8-də isə Səbayel rayonunun yeni icra başçısı Vüqar Zeynalov sürüşmə zonasında yaşayan sakinlərlə görüşüb.  Bildirilib ki, Bayıl qəsəbəsi Buxta küçəsi, 9 ünvanında uçan və uçmaq təhlükəsi ilə üzləşən evlər və ərazidə kommunal problemlərlə bağlı yenidən Nazirlər Kabinetinə müraciət edəcək. Nazirlər Kabinetinin cavabına uyğun da sakinlərə məlumat veriləcək.

“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı söyləyib ki, sürüşmə zonasına yaxın olan ərazilərdə yaşayan sakinlərə, aşağı ranqlı məmurlar tərəfindən xəbərlər ötürülüb: “Deyiblər ki, hər kvadratmetrə 700 manat kompensasiya verib, sizi köçürəcəyik. Lakin bunu hər kəsə yox, bəzi sakinlərə deyiblər. Görünür ki, sakinləri yenidən parçalamaq istəyirlər ki, bildikləri şəkildə prosesi həyata keçirsinlər. Belə başa düşdüm ki, burada həm də qəsdən atılmış addım var. Çünki yaz, yay, payız boyu gözləyib, prosesi qışın soyuğuna saldılar. Havalar soyuyur və düşünürlər ki, nə desələr, sakinlər razılaşacaq. İnsanları ev-eşiklə imtahana çəkirlər. Hər kim belə bir planı düşünübsə bu, çox yanlış addımdır. İnsanların kommunal xətlərini kəsirlər ki, deyilənlərlə razılaşsınlar. Bütün bunlar heç də xoş qarşılanmır. Bəlkə də kiminsə rayonda evi var və onlara buradakı evini hər kvadrat üçün 700 manatdan satmaq sərf edir. Ancaq əksər sakinlər bununla razı deyil. Adam var ki, bütün günü Nazirlər Kabinetinin qabağındadır ki, nə verirsiz verin, məni köçürün. Çünki başqa yerdə evi var.  Həmin ərazidə aşağı kvadratlı mənzillər də var. O adamlar gedib harada yaşayacaq? Oradakı insanlar illərlə fəhləlik edib, borc-xərclə bir ev tikiblər. Belə çıxır ki, bundan sonra da 10 il fəhləlik edib, zülm çəkib, yenidən ev tikməlidirlər. Yenə də hansısa məmurun kefinə düşsün, o evi də uçursun. Düşünürəm ki, sakinlər 700 manatla razı olmayacaqlar. Oradakı məcburi köçkün ailələrinin gedəcək nə kəndi var, nə də başqa bir evi. Adını qanunsuz tikililər deyirlər. Ancaq oradakı tikilərlərdən icra hakimiyyətinin də, digər qurumların da məlumatı var. Çünki daşı-daş üstünə qoyan zaman bütün qurumlardan nümayəndələr gəlirlər. Qanunsuz tikilidən söhbət gedirsə, cinayət işi açılsın və aidiyyəti qurumların nümayəndələrini də çağırsınlar, soruşsunlar ki, hara baxırdınız? Sakinləri də həmin vaxt dinləsinlər və görsünlər onlar nə deyirlər? Hamı bilir ki, kim kiminlə görüşüb, necə tikib. Biz məcburi köçkün kimi gəlib, 1993-94-cü illərdə ev tikmişik. Digərləri də hansı başçının dövründə ev tikibsə, hamısı bəllidir”.

E.Muradlı bildirib ki, kommunal xətlərdən su və elektrik verilişini həyata keçirirlər: “Qazı isə tamamilə kəsiblər. ”Teleqüllə” tərəfdə orta məktəb var idi ki, onun ərazisində ətrafında təxminən 15 mənzilə rəsmi qaydada qaz xətti çəkdilər. Qalan ərazilərdə isə qaz xətləri bərpa olunmayıb. Bizə 700 manat kompensasiya təklif edən şəxs, yüksək vəzifəli məmur deyil, ara adamıdır. Birinci bu cür adamlarla informasiya ötürüb, camaatın fikrini öyrənirlər. Sonra orta məmur heyəti, ardınca isə yuxarı məmur heyəti gəlir. İşi təxminən bu sistem üzrə görürlər. Ərazidə sürüşmə nəticəsində uçan 5 evin sakinləri, əlacsız qalıb, verilən kompensasiya ilə razılaşdılar. Lakin digər sakinlər hələ fevral-mart aylarından da deyirdilər ki, biz həmin məbləğlə razılaşmayacağıq. Ola bilər ki, kimsə fərdi qaydada müraciət edəcək ki, razıdır. Lakin faktiki olaraq bizim məhəllədə 700 manatla razılaşan yoxdur”.