Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası iyulun 10-da davam etdiriləcək.

İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: “Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar”.

N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Minval.İnfo