Binəqədi rayonu ərazisində yerləşən “Oazis” restoranına gələn qonaqlardan qeyri-qanuni şəkildə 2 manat dayanacaq pulu alınır. Restorana gələn qonaqlar narazılığını bildirdikdə isə onlara hədə-qorxu gəlinir.

Musavat. com-un həmin ərazidə olan müxbiri xəbər verir ki, restoranın qarşısında parklama yerlərinə nəzarət edən şəxslər insanların xoş günündən istifadə edərək, onlardan avtomobillərinin parkı üçün 2 manat pul tələb edirlər. Ərazidə isə parkomatlar işləmədiyindən onlar əllərindəki post-terminallarlara istədikləri məbləği yazırlar.

Bu səbəbdən də tez-tez restorana gələn qonaqlarla nəzarətçilər arasında qalmaqal yaşanır. Dünən saat təqribən 18:00 radələrində restorana gələn qonaqlarla yaranan mübahisə az qala əlbəyaxa dava ilə nəticələnəcəkdi. Ətrafdakıların məsələyə müdaxiləsi ortalığı birtəhər sakitləşdirdi.

Nəzarətçilərin dediyinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin onlara verdiyi səlahiyyət əsasında restorana gələn qonaqlardan dayanacaq 2 manat haqqı tələb edirlər. Onlar bunun qarşılığında qəbz də verirlər. Həmin qəbzdə isə Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi olduğu da öz əksini tapır.

Restorana gələn qonaqlar icra hakimiyyətinin qoyduğu bu qaydanı özbaşınalıq hesab edirlər:” Qanunla saat 18:00-dan sonra dayanacaqlarda hər hansı ödəniş olmamalıdır. Biz bunu belə bilirik. Bir neçə ay öncə avtomobilimizi parklamaq üçün bir manat verirdik. Əslində yenə də baha sayılır. Bundan əlavə, 2 manat aldıqdan sonra özləri də yoxa çıxır. Yəni xidmətlərini də düzgün aparmırlar. Əgər onların dediyi kimidirsə, restorandan çıxdıqdan sonra ödəniş etməliyik. Lakin bunlar öncədən dayanacaq pulu istəyirlər. Vermədikdə isə adamı hədələyirlər ki, zəng edəcəyik, başa salacaqlar. Bunlar kimdirlər və bizi kiminlə hədələyirlər? Xahiş edirik ki, aidiyyatı qurumlar bu barədə ölçü götürsün”.

Məsələ ilə bağlı musavat.com-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov dövlətə məxsus olan parklama yerlərində bu cür ödənişlərin tələb edilməsini qanunsuz olduğunu bildirdi: “Əgər həmin parkomatlar yolun kənarında yerləşirsə, yola bitişikdirsə dövlətə məxsusdur. Konkret həyət və yaxud qapalı bir ərazi, yaxud özəl binanın zirzəmisi olsaydı, bu başqa məsələ. Parkomatlar hələ ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Gələcək üçün bu tam olaraq Bakı Nəqliyyat Agentliyinə verilməlidir.

Orada bir maraqlı məqam var. Parkomatlar dövlətin səlahiyyətində olduğu üçün dayanacaqlarda qiymətlər rəsmən dövlət tərəfindən təyin olunmalıdır. Ötən il qəbul olunmuş qanunla Nazirlər Kabinetinə tapşırılıb ki, qiymətləri müəyyən eləsin. İndi Nazirlər Kabineti və yaxud Tarif Şurası təyin edəcək bunun fərqi yoxdur. Hər halda bugünki gün üçün Bakı şəhərində və ölkəmizin digər yerlərində dövlətə məxsus olan parklama yerlərindən istifadə haqqı müəyən edilməyib. Müəyyən edilmədiyi üçün də hər hansı şəxs tərəfindən parklama yerlərində ödəniş tələb etməsi, şübhəsiz ki, qanunsuzdur”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məsələni araşdıracaqlarını bildirdi.

BNA-nin mətbuat katibi Mais Ağayev isə yaxın zamanlarda parkomatların onların balansına keçəcəyini və hazırda parklanma yerlərinin təhvil-təslimi ilə bağlı işlərin aparıldığını bildirdi: “Bununla bağlı müvafiq qurumla BNA arasında təhvil-təslim işləri gedir. Bu sahədə idarəetmə tam olaraq BNA-ya keçdikdən sonra konkret addımlar atılacaq. Bununla yanaşı BNA mütəxəssisləri tərəfindən parklanma yerləri ilə bağlı kompleks araşdırmalar da aparılmaqdadır. Təhvil-təslim işləri yekunlaşdıqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq. Məqsədimiz bu sahədə həm nizamın yaradılmasına nail olmaq həm də vətəndaşlarımız üçün rahat şərait yaratmaqdır”.