İndidən bilet almaq istəyənləri 20%-lik endirim gözləyir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, 2019 Formula 1 Azərbaycan Qran Prisi üçün biletləri bu gündən etibarən bilet satış nöqtələrindən əldə etmək mümkün olacaq. Onlayn şəkildə bilet əldə etmək istəyənlər isə bu həftə ərzində artıq www.bakucitycircuit.com saytına müraciət edə bilərlər (bununla bağlı dəqiq tarix haqqında əlavə məlumat isə daha sonra açıqlanacaq).

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq.

Bundan əlavə, BŞH azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.

Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

Avtoidman həvəskarları arasında 2017-ci ilin gözlənilməz nəticə ilə sonlanan F1 yarışının yaratdığı həyəcan hisslərinin 2018-ci ildə də təkrarlanması kimi bir gözlənti yaranmışdı. Belə ki, əvvəllər yay aylarında keçirilən yarışın aprel ayının sonunda yeni şərtlər altında keçirilməsi də bu gözləntilərdə öz rolunu oynadı. Artıq ənənə halına çevrilmiş yüksək həyəcanlı başlanğıcdan sonra yarışın öz axarına düşməsi ilə Sebastian Fettelin qələbəyə doğru sürətlə irəlilədiyi bir məqamda, yarışın tamamlanmasına 11 dövrə qalmış Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappen toqquşaraq yarışdan kənarlaşmağa məcbur oldular. Bununla bitməyən həyəcan dalğası Haas komandasının pilotu Roman Qrojanın təhlükəsizlik avtomobili trekdə olarkən divara çırpılması ilə pik həddə çatdı. Ara sakitəşdikdən sonra Fettelin yenidən önə keçmək cəhdi uğursuzluqla nəticələndi və onun dördüncü pilləyə düşməsi ilə Valtteri Bottas yarışa liderlik etməyə başladı. Bütün bunlara baxmayaraq, Bakı küçələri yarışı izləyənləri heyrətə gətirməyə davam edirdi. Belə ki, Bottas trekde qalmış metal qırıntısının avtomobilinin təkərini zədələməsi nəticəsində qələbəyə çata bilmədi. Sonda isə Mercedes komandasının pilotu Luis Hamilton Ferrari komandasının sürücüsü Kimi Raykkonen ilə Force India komandasının pilotu Serxio Perezi qabaqlayaraq qələbə qazanmış oldu. Beləliklə, 2018 Formula 1 Azərbaycan Qran Prisi də gözləntiləri tam qarşılaya bildi.

BŞH-nın icraçı direktoru Arif Rəhimov yenidən möhtəşəm yarış həyəcanı yaşamaq istəyən Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Dördüncü Formula 1 yarışı üçün biletlərin satışa çıxarıldığını elan etməkdən böyük məmnunluq duyuruq. Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaş xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək. Əvvəlki illərdə olduğu kimi ötən ildə də son zamanların ən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha da güvvətləndirdi. 2019 Formula 1 Azərbaycan Qran Prisində də gözlənilməyənləri gözləməyə davam edirik! Fürsətdən istifadə edərək bütün F1 azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm”.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir.

Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.

2019 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri [email protected]  elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.