Dünən Beyləqan rayon sakini olan bir nəfərin “Bakı Metropoliteni”nin “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən Minval.İnfo-ya verilən xəbər görə, əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılıblar.

Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar – Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, zərərçəkmiş şəxs qatar hərəkətdə olarkən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pul qabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.