“Bakı Metropoliteni”ndən çökmüş yolla bağlı daha bir açıqlama

“Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

“Qeyd edək ki, həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində “Bakı Metropoliteni” QSC-nin nümayəndələri də iştirak edirlər. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq”, – deyə qurum rəsmisi vurğulayıb.