Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Minval.İnfo xəbər verir ki, Bakı Şəhər İH-dən  verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E. Əzizov buna qədər Səbel rayon İH başçısı vəzifəsində çalışıb.

Eldar Əzizov kimdir?

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib.  1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.