Səhiyyə Nazirliyi Bərdədə uşağın enerji içkisindən ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə ölən uşağın enerji içkisindən vəfat etməsi xəbərləri həqiqəti əks etdirmir:

“Bərdə rayonu, Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Babazadə Şamiq Namiq oğlu fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Xəstənin müayinəsi zamanı ilkin olaraq rentgenoqrafiya “Sol tərəfi plevropnevmaniya, ağciyərin emfizeması” diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərilməsinə baxmayaraq, onun vəziyyətinin yaxşılaşmaması və diaqnozun dürüstləşdirilməsi üçün tibbi yardım maşını və həkim nəzarəti altında respublika klinik Uşaq Xəstəxanasına göndərilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Döş qəfəsinin KT müayinəsi edilib və o, “Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağ ciyərdə” plevropnevmaniya diaqnozu ilə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb”.

“Xəstə həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib”, – deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün Report 13 yaşlı Bərdə sakininin enerji içkisindən öldüyü barədə məlumat yaymışdı.