Azərbaycana əsas turist axını hava daşımaları hesabına həyata keçirilir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” QSC -nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Səudiyyə Ərbistanının paytaxtı Ər-Riyadda “Azərbaycan şahinin gözü ilə” adlı təqdimatda bildirib.

E.Hacıyevin sözlərinə görə, öz əlverişli coğrafi mövqeyi sayəsində ölkəmizin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu regionda tranzit reyslər üçün əsas hava limanına çevrilməkdədir:

“Hazırda Azərbaycan artıq böyük potensiala malik mədəniyyət və turizm mərkəzidir. Öz rəngarəng iqlimi, gözəl təbiəti, zəngin tarixi-mədəni irsi ilə Azərbaycan bütün dünyadan qonaqları ən yüksək səviyyədə qəbul etməyə hazırdır. Ölkəmizdə ən müasir əyləncə və ticarət mərkəzləri fəaliyyət göstərir. Dünyanın məşhur 5 ulduzlu otel brendləri ölkəmizdə cəmləşib”.

Onun sözlərinə görə, Azərbaycanın ərazisi elə böyük olmasa da paytaxt və regionlarda beynəlxalq standartların bütün tələblərinə cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.