Azərbaycanın məşhur sirk ustası Üzeyir Novruzov “Rossiya-1” telekanalında yayımlanan yeni “Liqa udivitelnıx lyudey” şousunda iştirak edib

Məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov “Rossiya-1” telekanalında yayımlanan yeni “Liqa udivitelnıx lyudey” (Möhtəşəm insanların liqası) şousunda iştirak edib. Sözügedən şounun münsiflər heyətinə amerikalı aktrisa Pamela Anderson da daxildir.

Minval.İnfo Sputnik Azərbaycan-na istinadən xəbər verir ki, bu barədə Novruzov özünün Instagram sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O, səhifəsində sözügedən layihədə iştirakını əks etdirən şəklini də paylaşıb. Şəklinin altına “Tezliklə efirdə” sözlərini yazıb.

Məlum olduğu kimi, bu, beynəlxalq layihədə dünyanın ən yaxşı artistləri, idmançıları və qeyri-adi qabiliyyətləri olan insanları iştirak edir. Layihəyə dünyanın 20-dək ölkəsindən, eləcə də Rusiya, ABŞ, Kanada, Yaponiya, Azərbaycan və digərlərindən iştirakçılar qatılır. İştirakçıları ictimai xadim, peşəkar boksçu Nikolay Valuyev, müğənni Nikolay Baskov, amerikalı aktrisa Pamela Anderson, alman müğənni Tomas Anders və başqaları qiymətləndirir.

Hər bir buraxılışda tamaşaçılar və münsiflər müxtəlif janrlarda olan dörd maraqlı qarşılaşmanı qiymətləndirirlər. Janrlar dedikdə isə sirk sənəti, idman, ekstrim, musiqi və yaxud qumda rəsm, ağac və buz üstə oyma, səslərin imitasiyası və müxtəlif silahlardan istifadə nəzərdə tutulur.

Üzeyir Novruzov Gəncədə doğulub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a gedib. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazında çıxış edir və bu səbəbdən də onu tez-tez Çaplinlə müqayisə edirlər. Novruzov Çində 6 metrlik dayaqsız nərdivana dırmaşaraq onun üzərində 8 dəqiqə dayanması ilə dünya rekordu vurub. Bu nömrəyə görə, onun adı “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır və müxtəlif sirk şoularında çıxış edir.