Hər dəfə tanınmış, xüsusi qabiliyyəti olan və cəmiyyətin diqqətini çəkən hərəkətləri ilə yadda qalan şəxslərdən müsahibələr alırıq.

Bu dəfə isə gənc, amma uğurlu karyerası olan həmkarımızla müsahibə etmək qərarına gəldik. Bunun səbəbi isə onun mediaya gəlişidir. Söhbət hazırda oxu.az saytında çalışan və şou-biznes müxbiri olan Pərviz Hüseyndən gedir.

Pərvizin jurnalistikaya gəlişi hər kəsdən fərqlidir. O, sadəcə əməkdar artist Röya Ayxanı sevənlərdən biri olub. Bacarığı isə onu jurnalistikaya gətirib. Əvvəlcə “PrimeTime.az” çalışmağa başlayan Pərviz, sonradan “Publika.az” saytında fəaliyyətinə davam edib. İşlədiyi media orqanlarında göstərdiyi çalışqanlıq onu ölkənin ən çox oxunan saytlarından biri olan “oxu.az”a qədər yüksəlməsinə səbəb olub.

Həmkarım şou-biznesdə göstərdiyi bacarığı müsahibəmiz zamanı sərgilədi. Suallarıma maraqlı cavablar verən Pərvizə ilk olaraq elə jurnalistikaya gəlişi barədə sual verdim:

–       Sizin Röyanın fanatı olduğunuz çoxlarına məlumdur. Belə demək olar ki, siz fanatlıqdan gəlmisiniz jurnalistikaya?

–       Bəli. Əslində mən Bakı Dövlət Sosial İqtisad kollecinin İnformatika ixtisasını bitirmişəm. Lakin hər zaman jurnalistikaya çox marağım olub. Sonralar atam xəstələndiyinə görə işləmək məcburiyyətində qaldım. Elə Röyayla tanışlığım da o zamandan yarandı. 2005-dən bəri fanatlıq edirdim ona və o da mənə özümü müxbirlikdə sınamağı təklif etdi.

–       Siz adətən şou xəbərlər yazırsınız. Bir çox insanlar tərəfindən şou xəbər yazan jurnalistlərə dırnaqarası baxılır, yəni qələmlərinin güclü olmadığı düşünülür. Siz bu haqda nə düşünürsünüz?

–       Bəzən insanların fikirləri çox dəxlisiz olur. Hər yerdə intellekt səviyyəsi aşağı olan var. Yəni bunu xüsusi olaraq şou xəbər yazan jurnalistlərə aid etmək düzgün deyil.

–       Şou nümayəndələrinin televiziya jurnalistlərinə sayt jurnalistlərindən daha çox üstünlük verdiyi faktı doğrudur?

–       Mən də düşünürəm ki, bu belədir. Çünki televiziyada reklam etmək, tanınmaq imkanı daha güclüdür. Buna görə də televiziyaya daha çox önəm verilir.

–       Sosial şəbəkədə olan profilinizə baxdıqda paylaşımlarınızın çox kəskin və kifayət qədər açıq olduğunu görürük. Buna görə heç şou nümayəndələri ilə aranızda problem yaşanıb?

–       Dəfələrlə olub. Məsələn, Afaq Aslanla bağlı paylaşım etmişdim, sonra inboxda məsələyə aydınlıq gətirməyə çalışdı. Onun Ece Seçkinlə olan mahnı davası ilə bağlı məsələsində Afaqa haqq verirəm. Çünki deyir onlar bizim neçə mahnımızı anonim oxuyanda olur, mən oxuyanda olmur? Həm də ki mahnıya görə, məni mahnının söz yazarı məhkəməyə verə bilərdi. Onunla da heç bir problemim olmayıb.

Görüntünün olası içeriği: 3 kişi, Xanim Eynullayeva ve Pərviz Hüseyn dahil, oturan insanlar ve telefon

–       Qabaqki nəslin nümayəndələri indi oxunan musiqilərin bayağı, müğənnilərin səviyyəcə aşağı, verilişlərin isə ancaq reytinq xətrinə qurulduğunu söyləyir. Bir gənc olaraq bu fikrə münasibətiniz necədir?

–       Əslində yaşlı nəslin fikirlərini çox da ciddiyə almıram. Çünki onların zəmanəsi başqa, bizimki başqa… Amma bir baxıma haqq verirəm. Şou olmalıdır, lakin hər şey qədərində olsa daha yaxşıdır. “5-də 5” baxırsan, ancaq Təranə Qumral və Musa cütlüyü, Damla, Bərviz Bülbülə və sairə. Bu da insanları bezdirir.

–       Film çəkilişləri elə start götürüb ki, özlərini durdura bilmirlər. Siz demiş, hər yerindən duran film çəkir. Çəkilən filmlərin əksəriyyəti yumoristik üslubdadır. Demək olar ki, heç bir ciddi film çəkilmir. Sizcə bu qədər yüngül filmlər bəs deyil?

–       Əslində tələbat nəyədirsə, onu da çəkirlər. Ciddi filmlərdən Emil Quliyevin çəkdiyi “İkinci pərdə”ni çox bəyənmişdim. Onun bu yaxınlarda “Bir xalanın sirri” filmi də çıxıb. Baxaq Güləhməd filminə, o nə treylerdi, o nə aktrisalıqdı? İndi qalınqaş qız qalıb ki? “Park Cinema” o səviyyədə bir filmi özünə yaraşdırıb heç verməməli idi. “Bəxt üzüyü 2” filmi də maraqlıdır. Amma Tahir İmanov deyir ki, indiki filmlərdə qurşaqdan aşağı söhbətlər çox olur. Bu filmdə mən qurşaqdan aşağı söhbətdən başqa heç nə görmədim. Filmdə əsasən bir qızın sinəsi ön plandadır. Ümumiyyətlə buna “Bəxt üzüyü 2” filmi yox, “məmə” filmi demək olar. “Bozbash pictures”-ın çəkdiyi filmlər mahiyyət olaraq digərlərinə bənzəsə də, çəkilişin keyfiyyəti çox yaxşı olur. İnsanlar bəzən deyir indiki filmlər düşündürücü deyil. Fəlakət obrazından nə düşündürücülük gözləyirlərki? Belə filmlər yalnız bir dəfə baxıb gülmək üçündür.

Görüntünün olası içeriği: 2 kişi, Pərviz Hüseyn dahil, gülümseyen insanlar, iç mekan

–       Hüseyn Əzizoğlu müsahibələrinin birində demişdi ki, indiki filmlərdə əsas süjet belə olur, kiminsə nəyisə itir film boyu da digər obrazlar onu axtarır.

–       Hüseyn Əzizoğlu bu haqda danışacaq ən axırıncı adam da ola bilməz. Getsin öz çəkdiklərinə baxsın sonra sussun. (gülür)

“Nəyə görə Talıb Tale bu gün Heydər Əliyev adına sarayda konsert verməlidir?”

–       Bu yaxınlarda Şəbnəm Tovuzlu verilişlərin birində “xalqım məni ifaçı kimi qəbul edib” deyib. Sizcə, o qədər böyük sənətkarları qəbul edən bir xalq belə ifaçıları qəbul edə bilər, yoxsa bunu xalqa media sırıyıb?

–       Düşünürəm ki, burda əsas günah medianındır. Ancaq elə insanlar da var deyirlər ki, Şəbnəm sənə qurban olum, sənin balana qurban olum. Belələrinə nə deyə bilərsən ki? Bu tip ifaçılar ümumiyyətlə özlərinə necə müğənni deyə bilirlər, mən bunu anlaya bilmirəm. Belə insanlar özlərini tanısalar bilərlər ki, onları qəbul edən xalq deyil. Bu məsələdə Röya, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva və başqa bu qəbildən olan müğənniləri daha çox qınayıram. Çünki onlar efirlərə tez-tez çıxsaydı, ara müğənniləri də efirlərə bu qədər ayaq açmazdı. Məsələn, nəyə görə Talıb Tale bu gün Heydər Əliyev adına sarayda konsert verməlidir?

–       Bəs, bunun qarşısını almaq mümkündür?

–       Hər şey yavaş- yavaş olur da. Verilən lazımsız şou xəbərlərin sayını azaltmaq olar. Düzdür, bu gün tələbat “Damla nə etdi?” və sairə məsələ üzərində qurulub. Amma dünən 3 dənə  belə xəbər veririksə, sabah 2 dənəsini versək bu yolda bir addım atmış olarıq.  Həmdə ki bu birlik işidir.

–       Ənənəvi sualım, bu gün müəyyən bir yerə özü gəlməyi bacaran bir gənc olaraq gəncliyimizə nəyi məsləhət görə bilərsiniz?

–       Mən özüm Bərdədə yaşayan və heç kimin bu günə qədər gələ biləcəyinə inanmayan bir gənc idim. Amma arzuladım, çalışdım, olduğum yerlə kifayətlənmədim və bu gün buradayam. Gənclərimizə də yalnız bunu deyə bilərəm “arzularının arxasınca getməkdən qorxma və məqsədli ol”.

Məleykə Ağasoy

Fotolar: Fərid Özay

Minval.İnfo