Bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasının 24-cü ildönümüdür. 20 sentyabr 1994-cü ildə o zamankı prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanın diqqət mərkəzində olan bu hadisə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.

Müqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco,  Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak edirdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaratdılar-İdarə Komitəsi, Azərbaycan Beynəlxaql Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.

“Əsrin müqaviləsi” ölkəmizin həyatında yeni bir dövrün başlanğıcı kimi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı ki, həmin layihələr Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.

Təbii ki, 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni təhlil edəndə, onun əhəmiyyətini analiz edəndə ilk növbədə tarixi baxımdan bu məsələyə yanaşmalıyıq və Azərbaycanın o vaxtlar hansı vəziyyətdə olduğunu xatırlamalıyıq. Azərbaycanın müstəqilliyinin elan olunduğu ilk illərdə ölkədə qeyri-sabitlik, Qarabağda isə qanlı müharibə gedirdi, yeni müstəqillik əldə etmiş və müharibə aparan ölkənin iqtisadiyyat ağır durumdaydı. Neft müqaviləsi üçün 1993-cü ildən başlanan danışıqların uğurla yekunlaşmaması üçün bir sıra xarici ölkələr Azərbaycana təzyiqlər edirdi.

1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra “Əsrin müaviləsi”nin imzalanması istiqamətində ciddi fəaliyyət başlandı. Bakıya nə qədər təzyiqlər edilsə də Heydər Əliyevin başlatdığı danışıqlar uğurla yekunlaşdı və müqavilə imzalandı. 1994-cü ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a şərhində bildirdi ki, “Əsrin müqaviləsi”nin bağlanması Heydər Əliyevin adı ilə bağlıdır və dövlətimizin uğurlarında məhz bu müqavilənin böyük rolu var: “Həmin dövrdə Azərbaycan çox ağır situasiyadaydı. Azərbaycan hələ sosial, iqtisadi böhranın içərisindən çıxmamışdı. Belə bir çətin durumda ulu öndərimiz ölkədə gedən prosesləri yüksək peşəkarlıqla tənzimləyərək əsas diqqətini məhz ”Əsrin müaviləsi”nə yönəltdi və qısa zaman kəsiyində misilsiz nailiyyətə imza atdı. Onu da etiraf etmək lazımdır ki, müqavilənin imzalanmasında işçi qrupunun üzvü kimi indiki ölkə prezidenti İlham Əliyevin də çox böyük zəhmətləri var idi. O zaman işçi qrupunda xarici şirkətlərlə, ayrı-ayrı dövlətlərin rəsmiləri ilə danışıqları məhz İlham Əliyevin rəhbərlik etdiyi xüsusi qrup həyata keçirirdi.

Ətrafımızda olan bir sıra böyük dövlətlər bu müqavilənin imzalanmasına mane olmağa çalışırdı. Buna baxmayaraq, Azərbaycan dünyanın aparıcı neft şirkətlərinin diqqətini özünə yönəldə və bütün maneələri uğurla keçə bildi. “Əsrin müqaviləsi” çox böyük tarixi müqavilədir.

Əsrin müqaviləsinin  imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanması demək idi. Bizim neft siyasətimiz Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, onu dünya ictimaiyyətinə etibarlı ölkə və partnyor kimi təqdim etdi. Eyni zamanda bu gün bizim ölkə və imkanlarımız sözün geniş mənasında neft-qaz sahəsində qitənin enerji təhlükəsizliyi üçün əvəzedilməz funksiyalar yerinə yetirir”.

Deputatın sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı: “Xarici şirkətlərlə neft müqaviləsinin imzalanmasının həm neft sənayesinə, həm də qeyri-neft sənayesinə böyük təsiri oldu. Ümumilikdə, neft sənayesində həm neft hasilatı üzrə inkişaf getdi, həm neft emalı və s. istiqamətlərdə irəliləyiş oldu. Əsas məqsədlərdən biri də neft sənayesində yeni texnologiyaların tətbiq edilməsi idi. Bu baxımdan da ”Əsrin müqaviləsi” böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, o zaman texnologiyalara köhnə idi və güclü elmi kadr potensialımız olsa da, texnologiya və sərmayə baxımından bu işləri təkbaşına görməyə hazır deyildik. Çünki bütün bunlara maliyyə imkanlarımız yox idi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. “Əsrin müqaviləsi”nin ardından 1996-cı ildə artıq “Şahdəniz” yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı-Novorossiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tiflis-Ərzurum qaz kəməri də istifadəyə verildi.

Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bunun nəticəsində də artıq 2009-2010-cu illərdə biz ÜDM-in artım templəri üzrə MDB məkanında öndə gedən ölkə olduq. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi”.

F.Ağamalının sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasının daha bir böyük nailiyyəti bu oldu ki, ölkədə ictimai-siyasi sabitliyə nail olundu, iqtisadi inkişaf başladı, eyni zamanda iqtisadi təhlükəsizlik yarandı. Azərbaycanın dünya birliyində xüsusi yeri formalaşdı.

Neft strategiyası Azərbaycanın müstəqilliyinin çox ciddi qarantı kimi də öz missiyasını yerinə yetirdi və bu gün də yerinə yetirməkdədir: “Azərbaycan demək olar ki, yenidən quruldu və Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi səviyyəsinə qalxdı. Hərbi gücümüzün də artırılmasında neft strategiyasının böyük rolu oldu. Satılmış neftdən əldə olunan valyuta həm də hərbi gücümüzün artırılmasına yönəldildi.

“Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə edilən maddi gəlirlərlə məhdudlaşmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.

Bu gün Azərbaycan neftin ixracı üçün yalnız neft dollarları almır, eləcə də bir sıra ölkələrdə, məsələn,  Türkiyə, Gürcüstan, Rumıniya və sair ölkələrdə özü investor rolunda çıxış edir.

Ulu öndər Heydər Əliyevin cəsarəti sayəsində “Əsrin müqaviləsi” imzalanan gündən etibarən Azərbaycanın neft strategiyası, sonra isə enerji diplomatiyası tamamilə ölkəmizin və xalqımızın milli maraqlarına xidmət etdi.

Bir sözlə, Azərbaycanın bütün uğur və nailiyyətlərinin əldə olunmasında “Əsrin müqaviləsi”nin yeri və rolu müstəsna əhəmiyyət kəsb edir”.

Məhz “Əsrin müqaviləsi”nin imzalandığı günü – 20 sentyabrı Azərbaycanda neft sahəsində çalışanlar öz peşə bayramları – Neftçi günü kimi qeyd edirlər.