Azərbaycanlı illüziyaçı 3 uşaq atasını ölümdən xilas etdi6 ay əvvəl kobra ilanı sancdığı üçün ölümlə üzləşən, sonra isə sağalan illüziyaçı Arif Qafuri intihar etmək istəyən 3 uşaq atasını fikrindən daşındırıb.

“Ölkə.Az” xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı illüziyaçı 3 uşaq atası ilə 45 dəqiqə söhbət etdikdən sonra onu fikrindən daşındıra bilib.

Hadisə dünən axşam saatlarında baş verib. Ataşehir səmtində körpüyə çıxaraq intihar etmək istəyən 3 uşaq atası Mümin Yılmazı görən Arif ona yaxınlaşıb və 45 dəqiqə söhbət edib.

“Ofisdə idim, dostlarla iclas keçirirdik. Oradan çıxıb yemək yeməyə gedirdim. Ataşehir metrosuna gələndə gördüm ki, polis tuneli bağlayıb. Çoxlu polis var idi. Nə olduğunu öyrənmək üçün maşından endim. Gördüm ki, kimsə intihar etmək istəyir. Onunla danışıb fikrindən daşındıracağımı düşündüm”, – deyə illüziyaçı bildirib.

Polislər onu tanıdıqdan sonra Arif Yılmaza yaxınlaşıb:

“Polislərə dedim ki, siz gəlməyin. Çünki yaxınlaşanda özünü atmaq istəyirdi. Yerə oturdum, əlində içki və bıçaq var idi. Özünü atacağını deyirdi. Mən ona yaxınlaşanda “Sən Arif deyilsən? Mən sənin pərəstişkarınam” dedi. Mən də problemini, niyə belə addım atdığını soruşdum. Mənə həyatını danışdı. Ona 200 min lirə pul “atıblar”. Ona görə bu vəziyyətə düşüb. Ailəsinə baxa bilmir. Arvadı da buna görə ondan ayrılıb.

Danışdıq, ona kömək edəcəyimi, iş tapacağımı dedim. Sadə şeylər üçün canına qıymağa dəyməz dedim, pulu hər zaman qazanmaq olar. İnsan həyatında eniş və yoxuş var. Bunların öhdəsindən gəlmək olar. O, söz verdikdən sonra fikrindən daşındı”.

Azərbaycanlı illüziyaçı intihar etmək istəyən Yılmaza onu arvadı ilə barışdırmağa da söz verdikdən sonra bıçağı əlindən alıb və birlikdə polis idarəsinə gediblər.

Minval.info