“Gilavar” Azərbaycan Foto Klubunun (Gilavar Photo Club of Azerbaijan) təşkilati dəstəyi ilə üç ölkədə – Azərbaycanda, Monteneqroda və Makedoniyada dairəvi sistem üzrə keçirilən beynəlxalq foto müsabiqəsinə yekun vurulub.

Klubdan Minval.info-ya bildiriblər ki, Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazə ilə keçirilən “Autumn Circuit 2018” adlı foto müsabiqəsinə 53 ölkədən 273 fotoqraf 5741 foto təqdim edib.

Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Rəşad Mehdiyev də yer alıblar.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 46 ölkənin 200 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov və Kelvin Qasımov layiq görülüblər. Azərbaycanlı fotoqraflar ümumilikdə 20 mükafat qazanıblar.

Qeyd edək ki, müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.