Almaniya vətəndaşına qarşı 6 milyon manatlıq dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Stichternath Heins-Georg Tomas da iştirak edib. O, tərcüməçi ilə təmin edilib.

Hakim Rasim Sadıxov zərərçəkənə hüquq və vəzifələrini izah edib. Məhkəmədə Stichternath Heins-Georg Tomas təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq özünə dəyən ziyanın ödənilməsini tələb edib.

Təqsirləndirilən Ələddin Yusifov ifadə verərək bildirib ki, Almaniya vətəndaşı dostu ilə 2012-ci ildə onun yanına gəlib: “Həmin dövrdə mənim xaricdə şirkətlərim vardı. Dövriyyəm 50 milyon dollar, qazancım 10 milyon idi. Elşən adlı şəxs onu və dostunu yanıma gətirdi. Uğursuz bir bizneslə məşğul olduqları anladım. Anket məlumatları mənə dedilər. 2010-ci ilə qədər bir neçə dəfə şirkətlərini batırmışdılar. Onlar Azərbaycanda külək enerjisi ilə bağlı 104 milyon avroluq lahiyə icra edirdilər. Təkidlə mənlə işləmək istədilər. 1 il ofisimdə işlədilər. Təmannasız 30 işçim onların yanında işlədi. Onların hamısının pulunu mən vermişəm. Həmin vaxtı adı keçən “Airwek” şirkətinin rəhbəri başqası idi. Stichternath Heins-Georg Tomas general menecer idi”.

Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, 2010-cu ildə onun hesabına 2 milyon pul köçürülüb: “Həmin puldan 1 milyon Stichternath Heins-Georg Tomasa, 200 min manat Elşənə verdim. Qalan pulu da neft işi ilə Qazaxıstana göndərdim. Əlavə 350 min dollar pulu neftin danışması üçün Mehdi adlı işçimə verdim. Pulun sənədləri də var. Sonra Qazaxıstanda ciddi problemlər yarandı. 1 milyon 140 min avro pulum orda batdı. Hələ də o pulu ala bilmirəm. Elşən Kərimov bunların işçisi kimi bir neçə dəfə Qazaxıstana getdi, iş alınmadı. Əvəzində 1 milyon avronu özüm qaytardım”.

Ələddin Yusifov bildirib ki, illik 18 milyon vergi verib: “İngiltərədə olan ofşor hesabımdan onların hesabına pullar keçirmişəm. Şirkətə verdiyim pulların hamısı Elşənə təqdim etmişik. Yəqin ki, Elşən bunları aldadıb. 1 milyon 700 min avro Elşənə çatıb. Evimi, ofisimi satıb hissə-hissə pul verilib. 2012-ci ilin sonlarında 2 milyon bir, daha sonra 2 milyon avro ödəniş edilib. Bunların hamısı Mehdi adlı dövlət işçisinin yanında verilib. 2014-cü ildə Elşən zəng edib dedi ki, 300 min avro borc qalıb. Ona dedim ki, xaricdəyəm, gəlib həll edəcəm. 2015-ci ildə digər ofisimi girov qoyub pullarını ödəmişik”.

Prosesdə zərərçəkmiş kimi tanınan Stichternath Heins-Georg Tomas ifadə verib. O bildirib ki, Ələddin verdiyi ifadəni çox maraqlı hesab edir: “Fantaziyaları çox güclüdür. O vaxt tanış olan zaman lahiyyə üzrə işləmişik. Lahiyyənin dəyəri 125 milyon avrodur. Maliyyə Almaniyadan gəlirdi. Müqavilə bağladıq, Ələddinlə birlikdə işləməyə başladıq. Həmin dövrdə 45 milyon avro dəyərində işlər görməyə başladıq. Bunlar yerli şirkətlərlə çalışdıq. Ələddinin ofisində oturduğumuz düzdür. Öz işçilərimlə çalışmışıq. Görülən işlərlə bağlı tenderlərin keçirilməsi ilə bağlı sənədləri hazırlamışıq. Həmin dövrdə Ələddin özünü neft və inşaat işləri ilə məşğul olan şəxs kimi özünü tanınmışdı. Ona görə də tenderdə qalib gəldi”.

Zərərəçəkən qeyd edib ki, bir müddət sonra Ələddinin inşaat sahəsində bacarığının olmadığı onlara məlum olub: “Yoxlamalarımız zamanı Ələddini tenderdən uzaqlaşdırdıq. Çünki, Ələddinin tikinti üçün heç bir texnikası yox idi. Münasibətlərimiz buna görə pozulmadı, normal qarşıladı. Ondan sonra da münasibətimiz davam elədi. Bizə neft işinə girməyi məsləhət gördü. Məni də bu iş maraqlandırdı. Müzakirələr apardıq, neft ticarətinə qoşulmaq qərarına gəldim. İlkin olaraq 2 milyon avro Texnikabank vasitəsi ilə pul köçürdüm. Sonradan Ələddin bildirdi ki, məbləği qaldırmaq lazımdı. Ələddin anbarlarla bağlı 2 milyon avro istədi. Lakin pulun Riqadakı banka köçürülməsini istədi. Ələddinə etibarım vardı. Yaxşı iş adamı kimi tanıyırdım. Pulu ödədim. 3 dəfə də ona 2 milyon avro köçürmüşəm. Onu da Riqadakı hesabına ödəmişəm”.

Stichternath Heins-Georg Tomas bildirib ki, 6 milyon ödənişdən sonra Ələddinlə görüşmək istəsə də, görüşə bilməyib: “İşlərlə bağlı Azərbaycana tez-tez gəlirdim, lakin Ələddin xaricdəydi. Sonrada bizə hüquq-mühafizə orqanlarından məlumat aldıq ki, Ələddini başqa işlərə görə axtarılır. Biz araşdırdıq. Gördük ki, Ələddin Afrikada bizdən aldığı pulla qızıl yataqları alıb. Halbuki neft göndərməliydi”.

Zərərçəkən sonuncu dəfə Ələddinlə 2015-ci ildə görüşdüyünü deyib: “Orda bizə olan borcunu verməsini tələb etdik. Villasını təklif etdi, dedi borcundan bir qədər azaltsın. Razılaşdıq, lakin villanı bizə girov kimi verdi. Sonradan villanın sənədlərində də problem olduğunu bildik. Sürücüsü və digər şəxslərlə dəyən ziyandan cəmi 1 milyon avroya yaxın pulu bizə qaytarıb. Lap deyə bilərik ki, 2 milyon da villaya görə çıxırıq. Hazırda onun 3 milyon avro borcu qalıb”.

İttiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniyada keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib. O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min avro istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min avro köçürüb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir.