Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunun Gürcüstan ərazisində yandığı barədə məlumat vermişdik. Belə ki, hadisə beş gün öncə – yanvar ayının 7-də təxminən 21.30 radələrində Tbilisi yaxınlığında qeydə alınıb.

Yanğınla bağlı Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Minval.info-ya açıqlama verib.

O bildirib ki, hadisə Türkiyənin “Öz Nuhoğlu” şirkətinə məxsus Mercedes 16 HB A 05 markalı avtobusda qeydə alınıb:

“Bizə məlum olmayan səbəblərdən yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan təxliyyə olunub, xəsarət alan yoxdur. Gecə saatları olmasına baxmayaraq, sərnişinlər oteldə yerləşdirilib və sonra digər avtobusla yola salınıb”.

Minval.info sözügedən şirkətin Bakı ofisi ilə əlaqə saxlayıb. Lakin telefon zəngimizə cavab verən şəxs bununla bağlı açıqlama verməyib.

Xatırladaq ki, avtobus 7 yanvar 2018-ci il saat 11.00 –da Bakı Beynəlxalq Avtovağzalından Türkiyəyə yola salınıb.

Samir Mirzə
Minval.info