Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

Report yazır ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Qaradağlı kənd bələdiyyəsinin sədri Əli Musayev də Yenicag.az-a açıqlamasında hadisədən danışıb:

“Nizami ilə onu öldürən Hüsü adlı şəxs əvvəllər dost olub. Hüsünün atası Qarabağ əlilidir. Deyilənə görə, səhər saat 7-8 radələrində Hüsü onu evindən çağırıb. Nizaminin də evi qəbiristanlığın yaxınlığında yerləşir. Hüsü onu qəbiristanlığın yanına çağırıb və orada başından güllələyib. Güllə səsinə camaat yığışıb. Görüblər ki, artıq gecdir. Nizami dünyasını dəyişib. Səbəb bilinmir. Nizamini morqa aparmışdılar, indi gətiriblər, dəfn edəcəklər. Hüsü də özü polisə gedərək təslim olub”.

Bələdiyyə sədri Nizaminin əvvəllər həbsdə olduğunu bildirib:

“Nizami vaxtilə 12 il həbsxanada yatıb. O, qonşu kənddə idman müəllimi işlədiyi vaxtlarda bir oğlana yumruq vuraraq öldürüb. Ehtiyatsızlıq ucbatından baş verən bu cinayətə görə həbs olunub. İndi də bu hadisə baş verdi”.

Minval.info