Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

ONA-nın xəbərinə görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 19-na təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək.