Ekspert: “Sürüşmənin bu cür aktivləşməsində insan faktoru böyük rol oynayır”

Bakıda sürüşmə zonalarında yenidən aktivlik müşahidə edilir. Eyni zamanda noyabrın 12-də cənub bölgəsində yağan intensiv yağış nəticəsində Astarada sürüşmə zonasında da aktivlik baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, torpaq sürüşməsi rayonun Taxtanəkəran-Miki avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb. Torpaq sürüşməsi nəticəsində yolun asfalt örtüyü 18-20 metr aralanaraq çatlar əmələ gəlib. Sürüşmə nəticəsində sitrus bağlarına da ciddi ziyan dəyib.

Mütəxəssislər bildirirlər ki, Azərbaycanda daha çox sürüşməyə meylli ərazilər Şamaxı-İsmayıllı və cənub zonasındadır.  Daha çox uçqun tipli sürüşmə isə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Şamaxı rayonunun Mədrəsə kəndində, təsərrüfat yönümlü işlər üçün istifadə edilən 40 hektarlıq ərazidə çökmə və sürüşmə prosesləri davam edir.

Bakıda isə hazırda əsasən Badamdar, Zığ şosesi, Masazır ərazilərində sürüşmə baş verir. Eyni zamanda Bayıl yamacında da hər an sürüşmə baş verə bilər.  Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.  Təqribi hesablamalara görə, ölkə ərazisinin ən azı 25-26 faizinin potensial sürüşmə təhlükəsi var. Azərbaycanda sürüşmə sahəsinə Şamaxının Muğanlı kəndi, Muğanlı-İsmayıllı şosesi, Ağsu aşırımı, Lənkəran-Lerik yolu, Bakı-Rusiya yolunun Siyəzən, Şabran rayonu ərazisindən keçən hissəsi (Vəlvələ çaya kimi) daxildir.

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, cənub bölgəsində və eləcə də digər ərazilərdə baş verən sürüşmələr əsasən insan faktorundan qaynaqlanır:

“Dağ yamaclarını kəsib, yolu genişləndirirlər. Sonradan isə həmin ərazilərdə sürüşmə baş verir. Ümumiyyətlə, hazırda bütün dünyada sürüşmə hadisəsi yaşanır. Səbəb də insan faktorudur. İllərdir toxunulmayan dağlar qazılıb, yol çəkilən zaman çox diqqətli olmaq lazımdır. Bundan əlavə, həmin ərazidə torpağın növü də ciddi şəkildə araşdırılmalıdır. Torpaqlar var ki, sudan şişir, bəziləri sürüşür, bəziləri çökür. Yəni növündən asılı olaraq torpağın da suya reaksiyası fərqlidir. Qazıntı işləri aparan zaman nəzərə almaq lazımdır ki, region sürüşməyə meyllidir. Eyni zamanda oradakı qrunt növünü də nəzərə almaq gərəkdir. Astara haqqında konkret fikir söyləmək olmaz. Bunun üçün torpaq haqqında məlumat olmalıdır. Sadəcə olaraq, torpaqla ehtiyatlı davranmaq lazımdır. İnsan faktoru nəticəsində ölkəmizdə sürüşmə gündən-günə çoxalır. Mühəndis işləri düzgün qaydada aparılmır. Bunun da təsiri böyükdür”.

Onu da qeyd edək ki, Bayıl yamacında son zamanlar baş verən sürüşmə ilə bağlı mütəxəssislər insan faktorunu və kanalizasiya sisteminin olmamasını xüsusi olaraq vurğulayırlar. Lakin Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov unikal.org saytına açıqlamasında fərqli fikir söyləyib. O bildirib ki, hələ daş dövründə də sürüşmə hadisəsi olub: “Sürüşmə baş verən kimi, kimlərsə günahkar axtarmağa çalışırlar. Kimlərsə öz fəaliyyəti ilə bu prosesə təkan verə bilər. Hadisə 5 ildən deyil, 3 ildən sonra baş verə bilər. Amma bu, daş dövründə də olub. XVIII- XIX əsrdə də olub. Bu gün sürüşmənin qarşısını tam almaq bir az çətin məsələdir…”