“Azərsun Holdinq”  tərkibində süd emalı zavodu və heyvandarlıq kompleksi olan Kürdəmir heyvandarlıq və süd emalı kompleksinə media tur təşkil olunub. 

Bildiyimiz kimi,  “Azərsun Holdinq”in tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə belə media turlar mütəmadi təşkil olunur. Ancaq budəfəki media turun məqsədi fərqli idi.

Belə ki, “Kürdəmir Süd Kompleksi”nə səfərin təşkil edilməsində  əsas məqsəd media nümayəndələrini  ölkədə ilk dəfə gerçəkləşdirilmiş “embrion transferi” haqqında məlumatlandırmaq idi.

“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərovun da müşayiəti ilə səfərdə  ölkənin bir sıra yerli media qurumlarının əməkdaşları ilə yanaşı, Minval.info saytının nümayəndəsi də media turda iştirak edib. Onlar həm  süd emalı zavodu ilə yaxından tanış olub, həm də “embrion transferi” haqda məlumatlar əldə ediblər.

“Kürdəmir Süd Kompleksi”nə çatan zaman  media mənsublarını zavodun səlahiyyətli nümayəndələri: Kürdəmir Süd Emalı Zavodu MMC-nin direktoru Fuad Məmmədov, heyvandarlıq sahəsinə nəzarət müdiri Saleh Tunc, zavodun baş baytar həkimi Rəhim Məmmədov, həmçinin  Kürdəmir Rayon Baytarlıq İdarəsinin Rəisi Mehman Nəsirov qarşılayıb.

Görüş zamanı Fuad Məmmədov jurnalistlərə zavod haqqında məlumat verib. O bildirib ki, zavodun qurulması bölgədə heyvandarlıq sahəsində yeni nəfəs gətirib:

“Müəssisəmiz 2009-cu ildə Cənab Prezidentimizin sərəncamı ilə  “Regionların İqtisadi İnkişafının Sürətləndirilməsinə dair dövlət proqramı” əsasında Kürdəmir rayonunda süd emalı zavodunun inşasına başlanıb. 2013-cü ilin avqust ayında Prezidentin iştirakı ilə süd zavodumuz istismara verilib. Zavodumuzun qurulması  ilə bölgədə artıq heyvandarlığın inkişafında  yeni nəfəs gəldi.

Müəssisəmiz qurulduğunda  buranın nəzdində heyvandarlıq kompleksi də quruldu. Cins heyvanlar gətirildi. Burada  Avropanın  ən qabaqcıl texnologiyalarından istifadə edilərək tam avtomatlaşdırılmış sistemlərlə modern süd zavodu qurulub.  Müəsissəmizdə hazırda İtaliya, İsveç, Almaniya, Türkiyə istehsalı olan texnologiyalardan istifadə olunur.

Zavod  100 faiz təbii süddən tam orqanik  məhsul istehsalı ilə məşğuldur. Günlük istehsal  gücümüz 180 tona qədər imkan verir.  Həmçinin  zavodda  müxtəlif çeşidlərdə  qatıq, ayran, pendir, qatılaşdırılmış süd məhsulları ən yüksək keyfiyyətlə istehsal olunmaqdadır. Ümumiyyətlə,  keyfiyyət  “Azersun Holdinq”in əsas ana siyasətidir.  Azərbaycanda  qida təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəyə keyfiyyətli məhsul  vermək əsas hədəfimizdir. Bunun üçün də  araşdırırıq və yeni texnologiyalar tətbiq edirik. Həmçinin işimizin  bir hissəsi olan heyvandarlıq kompleksimizdə  də bu işlər sürətlə davam etdirilir”.

“Süfrəyə qədər keyfiyyət əsas prinsipimizdir”

Fuad Məmmədov həmçinin çıxışında bildirdi ki, süd məhsullarının istehsalında heç bir süd tozundan istifadə edilmir:

“İnsanlar çox vaxt  inana bilmirlər ki, ölkədə bu qədər süd olar. Bizim məhsullarla bağlı da çox suallar verilir. Ona görə də bu istiqamətdə ciddi şəkildə maarifləndirmə işləri aparırıq. Heç bir süd tozundan və digər qatqıdan istifadə olunmur. Ölkəmizdə kənd təsərrüfatı sahəsinə ciddi investisiya qoyulur, ciddi təşviq var. Ölkə özünü südlə tam olaraq təmin edə bilmirdi. Artıq bu istiqamətdə ciddi işlər görülür. İnsanlarımız da bilməlidir ki, süfrəyə qədər keyfiyyət əsas prinsipimizdir”.

Daha sonra  kompleksin heyvandarlıq sektorundan məsul şəxs Saleh Tunc çıxış edib. O bildirib ki, hazırda görülən işlərin nəticəsi olaraq  heyvanbaşı günlük 34 litr süd əldə etmək mümkündür:

“İlk dəfə 124 baş heyvanla fəaliyyətə başlamışdıq. Hazırda isə 700-ə yaxın heyvanımız var. Heyvanbaşı günlük 34 litr süd əldə edirik. Bununla paralel,  daha çox süd əldə etmək üçün yeni tətbiqlərdən də istifadə edirik.

Cins heyvanlar əsas fermamızda saxlanılır. Bildiyimiz kimi, heyvanlar  soyuq mühitlərdə daha tez adaptasiya olur, nəinki Azərbaycan mühitinə. Azərbaycan iqlimi bu heyvanlar üçün çox da əlverişli deyil, isti mühitdir, xüsusilə də Kürdəmir  ölkənin ən isti regionlarındna biridir. Amam bütün bunlara baxmayaraq, bizim fəaliyyətimiz nəticəsində heyvanlar artıq demək olarsa, tamamilə adaptasiya olub və yüksək məhsuldarlıq əldə edə bilirik. Hal-hazırda 34 litr heyvanbaşına süd Azərbaycan göstəricisində bir rekorddur. Hətta Avropanın bir çox ölkələrindən də bu göstəriciyə görə öndəyik”.

Kürdəmir Rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov da öz çıxışında zavodun gördüyü işləri yüksək qiymətləndirib. O, çıxışında xüsusilə vurğulayıb ki, heyvanlarla bağlı lazımi bütün profilaktik tədbirlər görülür:

“Mən sovetlər dövründən bu sahədə çalışan bir insanam. İnandırım, sovetlər dövründə  hətta belə bir heyvandarlıq kompleksi, emal müəssisəsi yox idi.  Sovetlər dövründə İsveçrənin heyvanlarını gətirirdilər, heyvanlar qızdırma xəstəliklərindən tələf olurdu. Ancaq  mən çox şadam ki, bugünkü gündə hər şey çox yüksək səviyyədədir.

Bizim öhdəmizə düşən əsas məslə bundan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyinin təsdiq elədiyi epizodik tədbirlər planına uyğun olaraq Kürdəmir  Süd Emalı Zavodu MMC-nin heyvandarlıq kompleksində mütamadi olaraq plana uyğun şəkildə bütün profilaktik tədbirlər gedir. Bu səbəbdən də həmin müəssisədə ekoloji cəhətdən təmiz, təhlükəsiz məhsullar istehsal olunur.

Müqayisə üçün başqa təsərrüfat sahələrini götürsək görərik ki, zavodun heyvandarlıq kompleksində tələfat yox səviyyəsindədir. Hər inəkdən alınan südün miqdarı ortalama 34 litrdir. Əminəm ki, bizim başlatdığımız iş belə də davam edəcək və Kürdəmir Süd Kompleksi respublikada adla deyilən müəssisələrədn biri olacaq”.

Embrion nədir? Embrion transfer necə həyata keçirilir?

Daha sonra Kürdəmir süd emalı zavodunun heyvandarlıq kompleksinin baş baytar həkimi Rəhim Məmmədov jurnalistlərə embrion transfer haqqında məlumat verib. O çıxışında xüsusilə vurğulayıb ki, embrion transfer ölkədə bir ilkdir.

“Embrion dişi yumurta hüceyrəsinin  erkək sperması ilə mayalanmasından  əmələ gələn bir həftəlik canlıdır. Bu bir həftəlik canlını embrion transferi nəticəsində seçdiyimiz  heyvanlara transfer edirik.  Bu istiqamətdə daşıyıcı və donor ana olmaqla  iki cür heyvan seçirik.  Əvvəlcə, embrionları  donor analardan əldə edirik.  Bunlar təsərrüfatda ən yüksək süd verimli, sağlamlıq cəhətdən ən sağlam heyvanlardan seçilirlər.  Biz həmin heyvanların əvvəlki doğuşlarını izləyirik, doğduğu  balalara  baxırıq, sağlam, xəstə olub olmadığını yoxlayırıq.

Daha sonra növbəti prosesə keçirik və heyvanları ən sağlam buğa sperması ilə mayalandırırıq. Mayalanandan sonra 7-ci gündə  xüsusi mayelərlə balalıq yuyulur və oradakı embrionları əldə edirik. 7-ci gün bu məsələdə çox önəmlidir. Çünki bu gündən sonra embrionlar balalığın divarına yapışır və oradan qidalanır. Ona görə də 8-ci günü bu prosesi yerinə yetirsək, embrionu çəkə bilmərik. Embrionu əldə etdikdən sonra daşıyıcı anaya köçürürük”.

“Embrion transeferlə 1 heyvandan 15-20 bala almaq olur”

Rəhim Məmmədov çıxışında bildirdi ki, embrion transferinin  həyata keçirilməsi    heyvandarlıq sahəsində  məhsuldarlığın artmasına böyük xidmət göstərir: 

“Məqsədimiz qısa müddətdə sürünü yüksək süd verən heyvanlarla zəngin etməkdir. Süni mayalanma yolu ilə 7-8 nəslə alacağımız bir işi embrion transferi ilə bir ilə edə bilirik. Bir heyvandan ortalama süni mayalanma zamanı ildə 1 bala ala biliriksə, embrion transferində 1 heyvandan 15-20 bala almaq olur.

Embrion transferinin  bir üstün cəhəti də ondan ibarətdir ki,  sürü sağlam olur, xəstəliklərə tutulmur. İsti aylarda süni mayalanma zamanı ölümlər çox olur. Ancaq embrion transferində bu hal yoxdur. Həmçinin bu yenilik sahəsində heyvandarlıq sahəsində də inkişaf baş verəcək. Artıq embrion transferinin nəticəsi olaraq 2 bala əldə etmişik”.

Söhbətin ardından jurnalistlər  zavodun heyvandarlıq kompleksinə yollanıblar. Embrion transferi  nəticəsində doğulan buzovlarla tanış olublar. Həmçinin  fermada  çoxlu sayda süni mayalanma yolu ilə doğulan heyvanlar da var.

Leyla Əfqan

Minval.İnfo