İyunun 5-də Keşlə dəmir yolu stansiyasının ərazisində yerləşən şirkətlərdən birinin anbarında təmizlik işləri aparan fəhlələrin oradan içərisində naməlum predmetlər olan qutu aşkar etmələri barədə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub.

Minval.info xəbər verir ki, dərhal hadisə yerinə gələn Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin predmetlərin tüstü qumbarası olduğu müəyyən edilib. Bu barədə aidiyyatı üzrə FHN-ə və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) məlumat verilib.

Aparılan birgə təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Keşlə Xətt Polis Bölməsində araşdırma aparılır.