Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

“KİA” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsiri nəticəsində irigövdəli ağac ortadan sınaraq avtomobilin üstünə aşıb.

Hadisə zamanı sərnişin, İsmayıllı sakini, 1973-cü il təvəllüdlü Rəsulova İradə Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası çağırılıb. Həkimlər ora gələn zaman yüngül xəsarət almış orta yaşlı sürücünün avtomobildəki yaralı qadının əl çantasını götürərək yoldan keçən “Mersedes” markalı minik avtomobili ilə hadisə yerindən qaçdığını görüblər. İ. Rəsulova İsmayıllı rayonundan olan həmin kişini tanıdığını deyib. Sürücünün sərxoş olduğu bildirilir.

Xəsarət alan qadın Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşları sürücünün tapılması üçün tədbirlər görürlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Minval.info