İş adamını və qadını yandırıb, öldürənlərin məhkəməsi başa çatdı, ağır cəza kəsildi

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.

Minval.İnfo xəbər verir ki, adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Qalib Kərimov və Vüsal Rüstəmov 20 il, Firudin Axverdiyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Qalıb Kərimovun ömürlük, Firudin Axverdiyev və Vüsal Rüstəmovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyib öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.

İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.

Minval.İnfo