Bu gecə Azərbaycan Dəmir Yollarında hərəkət edən bir çox qatarların hərəkətində gecikmələr olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova baku.ws-ə açıqlamasında bildirdi ki, hadisə qəza nəticəsində baş verib.

“Bu gecə saat 02:27-də Hacıqabul-Ucar rayonları arasında, Müsüslü kəndi ərazisində, Böyük Kəsikdən Bakıya hərəkət edən 665 saylı sərnişin qatarını aparan elektrovoz relsdən çıxıb. Həmin qatarda az sayda sərnişin olub. Həmin istiqamət iki xətt olduğu üçün, sərnişinlər xidməti qatara təxliyyə ediliblər. Hazırda hadisənin səbəbləri araşdırılır.

Gecə saatlarından başlayaraq, lokomotivin qaldırılması üçün əraziyə texnika cəlb edilib. Bu səbəbdən də, bütün qatarlarda 3 saata qədər gecikmələr olub”.