Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov 13 fevralda həbs edilib.

Onun barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Məlum məsələdir ki, cəmiyyət arasında cinsi azlığın nümayəndələri normal qaşılanmır. Onlara qarşı böyük bir kütlə tərəfindən haqlı və ya haqsız qəzəb var. Belə olduğu təqdirdə həbs edilən cinsi azlığın nümayəndələri hansı şəraitdə saxlanılırlar? Onları digər məhkumlardan ayırırlarmı?

Minval.İnfo xəbər verir ki, homoseksualların, yaxud da transseksualların həbsxanada saxlanılması qaydaları təkcə Azərbaycanda yox, bütün dünyada insan hüquqları təşkilatlarının daima diqqət mərkəzində olub.

Məsələn, əməliyyat vasitəsilə qadın olmuş fərd şəxsiyyət vəsiqəsində kişi cinsində qeyd edildiyi üçün cinayət törətdiyi zaman kişilər üçün nəzərdə tutulmuş təcridxanada yerləşdirilir.

Fərqli seksual oriyentasiyaya malik transeksualların öz normal həmcinsləri ilə birlikdə saxlanması nəticəsində meydana çıxa biləcək xoşagəlməz hallar, onların cinsi zorakılığa və cəmiyyətdə onlara qarşı mövcud olan mənfi-emosional münasibət zəminində fiziki zorakılığa məruz qalması nəzərə alınaraq, onların digər məhkumlardan ayrı saxlanılması barədə fikirlər tez-tez səsləndirilir. Bir çox insan üçün isə transseksualların gender nöqteyi-nəzərdən hansı tipli təcridxanalarda saxlanılması qaranlıqdır.

Penitesiyar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən minval.info-a verilən məlumata görə, transseksual məhkumlar digər kişi məhkumlarla birgə, eyni hüquqlu şəkildə saxlanılır: “Azərbaycan təcridxanalarında heç bir irqi, dini, cinsi ayrı seçkilik yoxdur. Təbii ki, qadınlarla, kişilər ayrı-ayrı həbsxanalarda saxlanılır, ancaq digər hallarla bağlı saxlanma şəraiti dəyişmir. Məhkumlar arasında heç bir fərq qoyulmur, hər kəs bərabərhüquqludur. Cinsi azlıqlar da Azərbaycan Respublikasının vətəndaşıdır, bu və ya digər cinayət əməllərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhkum ediliblər. Kiməsə qarşı xüsusi münasibət, əlavə məhdudiyyətlər və ya imtiyazlar nəzərdə tutulmur. Həbs yerlərində daxili intizam qaydalarına əsasən, hər kəsin təhlükəsizliyi qorunur. Digər məhkumlar da bu daxili intizam qaydalarına riayət etməyə borcludurlar”.

Damla

Minval.İnfo