Rəsmi qurumlardan cavab gəldi – bütün tədbirlər görülüb

Gürcüstanda yayılan donuz qripinin qonşu ölkə olaraq Azərbaycana göstərə biləcəyi təsir ciddi müzakirə mövzusudur. “Yeni Müsavat” təhlükəsizlik tədbirləri qismində görülən işlərlə maraqlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə “Report”a DBX-dən bildirilib. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Belə tədbirlərdən biri də İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun İvanovka kəndində yerləşən Nikitin adına təsərrüfatda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza baxış keçirib, 3 aydan yuxarı donuzları qarayara xəstəliyinə qarşı peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Baytar mütəxəssislər “donuz qripi” xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandıraraq bildiriblər ki, xəstəliyin inkubasiya dövrü 1-2, nadir hallarda 6-7 gün olur. Xəstəliyin ilkin dövrində temperatur 41 dərəcə C-yə kimi qalxır, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş verir. Xəstəliyin ilkin əlaməti öskürmək, burundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olmasıdır. İkincili infeksiyanın inkişafı ilə əlaqədar pnevmoniya, plevrit və perikardit inkişaf edir. Çoşqalar arasında ölüm 60-70%-ə kimi çata bilir. Xatırladılıb ki, xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır. Odur ki, hər hansı narahatçılıq zamanı baytar həkimi ilə əlaqə saxlanılsın. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Eləcə də hazırda İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb. Artıq rayonun Keyvəndi AZZA “Aqro” QSC-də məxsus 276 baş iribuynuzlu heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 197 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 1200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün DBX lazımi təşkilatı tədbirləri davam etdirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə bildirdi ki, bu istiqamətdə görülən tədbirlər uçuşdan öncə, Dövlət Gömrük Komitəsi tərəfindən görülür. Dövlət Gömrük Komitəsindən isə bildirdilər ki, Gürcüstanda yayılan A (H1N1) – “Donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan “Sınıq Körpü” gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə ölkəyə daxil olan nəqliyyat vasitələrini, xüsusilə onların təkərlərini müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər. Daha sonra avtomobillər “yaşıl xətt”ə buraxılırlar. İstər donuz qripi, istərsə də quş qripinin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də, bütün sərhəd-keçid məntəqələri lazımi termoqurğularla təchiz olunub.

Yoxlama və müşahidə tədbirləri vətəndaşların xəbəri olmadan aparılır. Yüksəklikdə quraşdırılan termal kamera hər kəsi asanlıqla müşahidə edir və hərarəti müəyyən edir. DGK bu işdə mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar. Eləcə də hər reysqabağı vaqonlarda dezinfeksiya işləri aparılır.

“Bu gün Azərbaycanda ”donuz qripi” (H1N1) yoxdur”.

“Report” xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, mətbuat orqanları bu məsələdə diqqətli olmalıdır: “Qonşu ölkələrdə ”donuz qripi”nin olması bildirilir. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq ixtiyarındadır. Bu qripə qarşı heç bir vaksin yoxdur”.

İ.Ağayev qeyd edib ki, qriplə xəstələnmə hər zaman olub, bundan sonra da olacaq: “Hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir. Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır”.

O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz: “Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib. Yəni ”donuz qripi” ilə bağlı vaksin yoxdur və kiməsə də nəsə verilməyib”.