Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan idmançılarımız arasında Elis Manolova (-65 kq) da vardı.

19 yaşından millimizin üzvü olan bolqarıstanlı legionerimiz bu turnirdə Azərbaycana qadın güləşində qızıl medal qazandıran yeganə idmançı oldu. Üstəlik, onun yerli idmançı ilə final görüşündə 0:4 hesablı məğlubiyyətdən qələbəyə doğru geridönüş etməsi turnirin ən yaddaqalan matçlarından biri sayılmalıdır.

İki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş idmançıdan bu münasibətlə müsahibə götürdük.

– İlk dəfə böyüklər arasında Avropa çempionu oldunuz. Yaşadığınız hissi, bəlkə, bizə də izah edəsiniz…

– Danışılması çox çətin bir mövzudur… Ancaq yaşanılmalı bir durumdur. Hələ də bu qələbənin sevincini yaşayıram, yuxuda kimiyəm. Bu qızıl medalı qazanmağı çox istəyirdim. Çox şükür Allahıma ki, mənə bunu nəsib etdi.

Mənim üçün böyük bir zəfərdir. Çünki bu, mənim ilk qızıl medalımdır. Ötən il Avropa çempionatında ikinci olmuşdum və bu dəfə final görüşünə çıxmadan öncə özümə dedim: “Bu dəfə mən məğlub etməliyəm, bu qızıl medal bu dəfə mənim olmalıdır”.

– Ötən il Avropa çempionatının finalında uduzduğunuz finlandiyalı Petra Olini bu dəfə yarımfinalda görüşün bitməsinə dörd saniyə qalmış tuşe fəndi ilə məğlub etdiniz. Hər görüşdə güləşçinin kürəyini döşəyə sıxmaq mümkün olmur. Demək olarmı ki, onunla görüşə ikiqat motivasiya ilə çıxmışdınız?

– Bəli! Ötən il finalda hakimlər haqqımı yemişdi. İki xalımı vermədilər və görüşü uduzdum. Bu dəfə döşəyə çıxanda çox motivasiyalı idim. Elə güləşməyə qərar verdim ki, hakimlər məni bu dəfə uduzdurmasın.

– Azərbaycan millisində tək-tük qadın idmançılar nadir hallarda Avropa çempionu ola bilib. Mariya Stadnik, Sona Əhmədli, Nadya Sementsova və Yuliya Ratkeviçdən sonra qitənin ən güclüsü olan beşinci idmançı oldunuz…

– Doğrudan? Bunu bilmirdim. Bu, çox sevindirici haldır.

– Bacınız Canan da güləşçidir. Sizdə ailədə başqa kim güləşçi olub?

– Atam əvvəl güləşlə məşğul olub.

– Filip Manolovu deyirsiniz…

– Bəli. Əslində, Filip atamın əsl adı deyil. O, Bolqarıstan adıdır. Əslində, biz bulqar türkü olduğumuzdan atamın əsl adı Fahridir. Sadəcə olaraq, siyasi səbəblərdən pasportda Filip olaraq adı gedir. Yeri gəlmişkən, anam da bolqar yox, türkdür.

– Ötən il Avropa ikincisi, bu il qitə çempionu oldunuz. Bu iki ildə Bolqarıstandan sizi öz heyətlərinə qatmaq kimi təklif olubmu? 

– Bolqarlar məni istəsələr belə, geri qayıtmağım mümkün deyil. Belə bir şey ola bilməz. Çünki mən Azərbaycanda çox xoşbəxtəm. Buranın himnini bilirəm. Amma yəqin ki bolqarlar məni istəyirlər. Əgər onlar adından çıxış etsəydim, Bolqarıstanın üç qızıl medalı olacaqdı.

– Bolqarıstanda necə qarşılandınız?

– Rumıniyadan birbaşa evimə – Bolqarıstana gəldim. Evdə anam, atam və bacım məni qarşıladı. Hamımız çox sevincliyik. Bütün ailəm mənimlə qürur duyur. Bolqarıstandakı dostlarım mənim adıma çox sevinirlər. Onlar üçün hansı ölkə adından bu qızıl medalı qazanmağımın önəmi yoxdur.

Oxu.Az