“İlk gündən komanda birgədir. 3 məşq də keçirmişik. Komandamız döyüşə hazırdır. Son iki oyuna baxmışam. Deyə bilərəm ki, Azərbaycan bizə sabah çətin anlar yaşadacaq”.

Minval.İnfo Report-a istinadən xəbər verir ki, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 57 yaşlı mütəxəssis bildirib ki, Kosovoya səfərdə 0:2 hesabı ilə uduzduğu oyunla müqayisədə bu dəfə 3 xal götürəcəklərinə inanırlar. Baş məşqçinin fikrincə, Azərbaycan yığmasının Torshavna gələnədək 14 saatlıq yol qət etməsi problem yarada bilər: “Bu, Azərbaycanın həftəsonu Malta ilə də oyununun olacağı ilə əlaqədardır. Düzdür, biz də uzun yol qət edəcəyik, amma Azərbaycan bizimlə görüşdən sonra evdə oynamalıdır. Bu baxımdan yol yorğunluğu təsirsiz ötüşməyəcək”.

1992-ci ildə Danimarka yığmasının heyətində futbolçu kimi Avropa çempionluğu yaşamış Olsen o vaxtla indikini müqayisə etməyi düzgün saymayıb: “Qrupdakı şansları dəyərləndirə bilmərəm. Çünki bizi çətin oyunlar gözləyir. Üstəlik, növbəti mərhələ qarşılaşmaları da var”.

Baş məşqçi bildirib ki, məğlubiyyət haqda düşünmür. Lakin o, Azərbaycanın güclü olduğunu etiraf edib: “Bayaq 26 il əvvəldən danışdıq. Bu, onu göstərir ki, futbolda mümkün olmayan heç nə yoxdur. Bilirəm ki, Azərbaycan yığmasının əksər üzvləri “Qarabağ”ın futbolçularından ibarətdir. Bu komandanın “Arsenal”la oyununa baxmışam. Mərkəz və orta sahə ən güclü mövqelərdir. Ötən il bu klub Danimarka “Kopenhagen”ini Çempionlar Liqasında iki oyununun yekununda üstələyib”.

“Hələlik yalnız Azərbaycanla oyunu düşünürəm. Kiçik komandalar üçün vaxt azlığı problem yaradır. Üstəlik, uzaqda yerləşdiyimizdən çoxlu səyahət etməli oluruq. Amma istənilən halda, meydanda ən yaxşı futbolçuların olmasını istəyirəm”, – deyən təcrübəli mütəxəssis bildirib.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.