“Maşın” realiti-şousunda aparıcılar Aytən Səfərova ilə Mətanət Əliyeva arasında yaşanan qalmaqal yenidən alovlanıb. 

Minval.info xəbər verir ki, bir neçə gün əvvəl Aytən səsverməyə çıxıb və hər kəs Mətanəti uzaqlaşdıracağını gözləsə də, o, bunu etməyib.

Bu gün A.Səfərovanın “Instagram” səhifəsində müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, Aytən həmkarını şoudan uzaqlaşdırmadığı üçün peşman olub:

“Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”

Qeyd edək ki, A.Səfərova səsvermə zamanı yüksək səs toplasa da, Mətanəti uzaqlaşdırmayıb. Əvəzində isə aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. Onun bu addımı sosial şəbəkələrdə tənqid edilmişdi.

Minval.info