Heç kimə sirr deyil ki, ölkə ərazisində yağış yağan kimi vəziyyət çətinləşir. Əksər küçələr, o cümlədən şəhərlərin bəzi mərkəzi hissələri keçilməz olur. İstər nəqliyyatın, istərsə də piyadaların hərəkəti çətinləşir.

Bu gün yağan yağış nəticəsində yenidən Bakıda və Abşeronda qeyd etdiyimiz durum yaranıb.

Minval.info əməkdaşı Xırdalanın Quşçuluq massivinin iki küçəsində olub. Həmin ərazinin yolları da adət-ənənəni pozmayıb. Belə ki, Məmməd Araz küçəsi yağış sularına qərq olub. Bu ünvanın Hacı Zeynalabidin Tağıyev küçəsi ilə kəsişməsi də eyni durumdadır.

Yeri gəlmişkən qeyd edək ki, adıçəkilən ərazinin asfalt örtüyü də ürəkaçan deyil. Bu, küçədə gölməçələrin yaranmasına böyük təsir edir. Sakinlər xırda daş parçaları vasitəsilə yolların asfalt örtüyünü yamamağa çalışırlar. Baxmayaraq ki, bu küçələrin kəsişməsindən 119 nömrəli marşrut xətti keçir.

Çəkiliş aparan zaman avtobus hərəkət edərkən alt hissəsinin zərblə yerdəki daşlara dəydiyinin şahidi olduq. Bu isə mövcud vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir.

Yağış sularının ətrafı gölməçəyə çevirməsi nəticəsində məhəllədə yaşayanlar da çətinliklə küçədə hərəkət edirlər.

Sakinlərin sözlərinə görə, küçəni su bassa da, mənzillərində vəziyyət tamam fərqlidir: “Bir həftədir su üzünə həsrətik. “Qaynar xətt”ə zəng vurmaqdan bezmişik. Məhəlləni su basıb, amma evimizdə quraqlıqdır. Küçədə ayaqlarımız yaş olur, evdə çay qoymağa su tapılmır. Ayağımız suda, ciyərimiz qurudadır”.

Onlar bildirib ki, uzun müddətdir həmin ərazidə vəziyyət belədir: “Bir gün su gəlir, 5 gün susuz qalırıq. Xırda çənlərimiz olmasa yaşamaq mümkün deyil. Su gələn kimi nə qab var hamısını doldururuq. Bilirik ki, yenidən susuz qalacağıq. Deyilənə görə, buraya verilən içməli suyun təzyiqi aşağıdır. Buna görə tez-tez bu problemlə qarşılaşırıq”.

Sakinlər ən azından sadalanan problemlərdən birinin həll olmasını istəyir.

Samir Mirzə

Minval.info