Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək.

Bunu Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ölkədə isti hava şəraitinin keçməsi ilə əlaqədar qəbul edilmiş standartlar üzrə mayın 1-dən noyabrın 15-dək yüngül minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

DYP rəsmisi qeyd edib ki, avtomobilin ön şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır:

“Sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə (alın şüşəsi) üçün 75%; sürücünün sağındakı və solundakı şüşələr (qabaq qapının şüşələri) üçün 70%; digər yan şüşələr (avtomobillərin arxa qapılarının şüşələri) üçün 60%. Arxa şüşənin işıq buraxma qabiliyyəti normallaşdırılmır”.

V.Əsədov əlavə olaraq bildirib ki, bu qaydalara məhəl qoymayan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq:

“Bütün hərəkətlər yol-hərəkəti qanununa əsasən tənzimlənir. Yol-hərəkəti qanununun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir.

Standartların tələbinə uyğun olaraq buqələmun rəngli və yaxud güzgü tipli şüşələrin avtomobillərə quraşdırılaraq istismar edilməsi inzibatı xəta tərkibi yaradır. Bu müddət ərzində tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq”. Oxu.Az