Avstriyanın sağ-qanad hökuməti yeddi məscidi bağlamağı, 40 imamı ölkədən qovmağı planlaşdırır. “Reuters” agentliyi yazır ki, bu, islamçı ideologiya və dini qrupların xaricdən maliyyələşməsinə qarşı tədbirlərin “yalnız başlanğıcıdır”.

Koalisiya hökuməti mühafizəkarlardan və ifrat sağçılardan ibarətdir. Avropada miqrasiya böhranı yaranandan sonra hakimiyyətə gələn koalisiya daha bir qaçqın axınını önləyəcəyini, yeni mühacir və qaçqınlar üçün güzəştləri kəsəcəyini vəd edib.

600 MİN MÜSƏLMAN

Avstriyanın kansleri Sebastian Kurz inteqrasiya naziri olarkən, 2015-ci ildə sərt “İslam qanunu”nu qəbul elətdirib. Bu qanun dini qrupların xaricdən maliyyələşməsini yasaqlayır. Qanun müsəlman icmaların qarşısında bir öhdəlik də qoyur – Avstriya dövləti və cəmiyyətinə pozitiv fundamental yanaşma sərgiləsinlər.

Sebastian Kurz
Sebastian Kurz

“Ölkəmizdə siyasi islamın paralel cəmiyyətlərinə və radikal tendensiyalarına yer yoxdu”, – Kurz hökumətin yeni qərarlarını açıqladığı mətbuat konfransında deyib.

8,8 milyon əhalisi olan Avstriyada 600 minədək müsəlman yaşayır. Onların çoxu ya türklərdir, ya da türk mənşəli ailələri var.

Vyanada məscid idarə edən, Türkiyənin millətçi “Boz Qurdlar” təşkilatının təsiri altında olan cəmiyyət qanunsuz işlədiyinə görə qapadılacaq, hökumət bəyanatında bildirib.

Azı altı məscidi idarə edən ərəb müsəlman təşkilatının da bağlanacağı bildirilib.

“Bu hələ başlanğıcdır”, – ifrat sağçı vitse-kansler Heinz-Christian Strache hökumətin dörd üzvünün keçirdiyi mətbuat konfransında vurğulayıb.

“BİRGƏ YAŞAM ETİKASI”

Bu addım Avstriyada “islamafobik, irqçi və ayrı-seçkilik dalğasının nəticəsidir” və siyasi məqsədlərlə müsəlman cəmiyyətlərini hədəfə almaq niyyəti güdür. Türkiyə prezidentinin sözçüsü Ibrahim Kalin belə düşünür.

Vyanada məscid
Vyanada məscid

“Avstriya hökumətinin ideoloji yüklü hərəkətləri universal hüquqi prinsipləri, sosial inteqrasiya siyasətini, azlıqların hüquqlarını, birgə yaşam etikasını pozur”, – o, tvitində yazıb.

“İslamafobiya və irqçiliyi normallaşdırmaq cəhdləri bütün hallarda rədd olunmalıdır”, – sözçü əlavə edib.

Nazirlərin deməsinə görə, Türkiyə hökumətinə yaxın ATIB təşkilatının üzvü olan 60 imam ya Avstriyadan çıxarıla bilər, ya da xaricdən maliyyələşdikləinə görə onlara viza verilməyə bilər.

Hökumətin bəyanatında bu say 40 göstərilir, 11-nin işi nəzərdən keçirilir, ikisi barədə isə artıq mənfi qərar çıxarılıb.