Danimarkada boşanmaların sayı o qədər artıb ki, hökumət təcili tədbirlər planı hazırlamağa başlayıb. Boşanmaq prosesi çətinləşdirilib.

Bizimyol.info xəbər verir ki, daha danimarkalıları dərhal boşanmağa qoymayacaqlar. Əvvəlcə azı üç ay məsləhətləşmə mərhələsi olacaq. Bu müddətdə müxtəlif mütəxəssislərlə söhbət, problemlərin müzakirəsi nəzərdə tutulub.

İndiyə qədər Danimarkada boşanma prosesi çox sadə idi. Sadəcə, onlayn formanı doldurmaq kifayət edirdi.

Danimarkada boşanma faizi Avropanın əksər ölkələrinə nisbətən yüksəkdir. Keçən il 15 mindən çox ailədə ər və arvad ayrılmaq qərarına gəliblər.

Boşanmaq prosesinin çətinləşdirilməsi, üç aylıq period insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilər. Amma cəmiyyət bu ideyanı yaxşı qarşılayıb.