Qohumunu namus üstündə öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə A.Abdullayev özünü qismən təqsirli bildiyini deyib.

A.Abdullayev dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq edib.

O söyləyib ki, Süleyman Abdullayev onu dəfələrlə təhqir edib.

“Hətta mənə mesajlar da yazırdı. Mən də bu barədə onun valideyinlərinə məlumat vermişəm. Sonda da belə oldu. Onu bıçaqla necə vurduğum yadımda deyil. Həmin zaman bıçağı əlimdən aldılar. O, mənim arvadım haqda artıq-əskik danışırdı. Süleymana dedim ki, mənim üç uşağım var, əl çək bizdən”- deyə Abdullayev söyləyib.

Məhkəmədə zərərçəkmiş Süleyman Abdullayev də dindirilib. O deyib ki hadisə aralarındakı pul söhbəti üstündə baş verib. Süleyman Abdullayev təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç nə baş vermədiyini deyib.

Qeyd edək ki, cinayət hadisəsi bu il aprelin 2-də Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Həmin ünvanda 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğlunun olduğu müəyyən edilib. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. Daha sonra saxlanılan A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ittiham irəli sürülüb.

Minval.info