“Dünya İstiqlal savaşında olduğu kimi indi də Türkiyənin və türklərin qarşındadır”.

Musavat.com “Türkiyənin Səsi” radiosuna istinadla xəbər verir ki, bu sözlər Türk Dünyası Parlamentlər Birliyi başqanı Nail Çələbiyə aiddir.

N.Çələbi türk dünyası qəzetçiləri ilə görüşündə Türkiyənin terror və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mücadilə verdiyi diqqətə çatdıraraq, bir “xaç yürüşü” ilə qarşı-qarşıya olduğunu ifadə edib.

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” hərəkatında sonuna qədər haqlı olmasını vurğulayan Çələbi, Türkiyəni təkləmək cəhdlərinin olduğunu qeyd edib.

Çələbi “artıq Avropa Birliyinin bənzəri olan Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı, Türkiyə bu qədər yalnız olmaz, arxamızda bir gücümüz olardı”, – deyə qeyd edib.

Hər zaman dövlətin və ölkənin birlik, bərabərliyi üçün çaba göstərdiyini anladan Çələbi deyib: “İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”.

Türk dünyasının birlik və bərabərliyi üçün vətəndaş cəmiyyəti institutlarının son dərəcə önəmli rolu olduğunu bildirən Çələbi söyləyib: “Türk dünyası millət vəkilləri, qəzetçiləri, iş adamları, xalqı və vətəndaş cəmiyyəti institutları əl-ələ verərək, Türk dünyasının birliği için çalışacağıq”.

Çələbi bu fəaliyyət çərçivəsində Türk dünyası qəzetçilərindən dəstək istəyib: “Həmən diqqətə çatdırım ki, birliyimiz partiyaların üst qurumudur, hər partiyadan üzvlərimiz vardır. Özünü türk hiss edən hər bir millət vəkilinə də açıqdır, bu üzdən partiya siyasətinə qapalıdır”.

N.Çələbi Türkiyənin Azərbaycandakı keçmiş, hazırda isə Moldovada səfiri olan, türk dünyasının birliyi, bərabərliyi üçün xüsusi çalışmalar yapan Hülusi Kılıcın Türk Birliyinin Xarici  əlaqələr üzrə koordinator təyin edildiyini və bununla çox güclü bir hala gəldiklərini nəzərə çatdırıb.