Minval.info // Bakıda satılan məhsulun üzərində yalnız erməni dilində məlumatların yer alması istehlakçıları qəzəbləndirib və onlar bu barədə Azad İstehlakçılar Birliyinə məlumat veriblər.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Eyyub Hüseynov deyib ki, daxil olan vətəndaş müraciəti əsasında Nəsimi rayon ərazisində yerləşən “Araz” supermarketlər şəbəkəsində olub və mövcud vəziyyəti öz gözləri ilə görüb. Həqiqətən də Rusiya istehsalı olan “Liliya” və “Pero” salfetləri üzərində olan məhsul haqqında məlumatlar erməni dilində və digər bir neçə dildə göstərilsə də Azərbaycan dilində göstərilməyib:

“Bizə bu haqda müraciət daxil oldu, hətta müraciət edən şəxs bir neçə dəfə təkid etdi ki, biz həmin adıçəkilən marketdə olaq və vəziyyəti özümüz müşahidə edək. Bizə həmin marketdən bir neçə dənə də nümunə gətirmişdilər. Lakin market rəhbərliyi dedi ki, məhsulun üzərinə Azərbaycan dilində xüsusi yapışqan kağızlar (stiker) yapışdırılıb. Ortada anlaşılmaz və tzadlı vəziyyət var idi. Biz özümüz getməli olduq və həqiqətən də vəziyyət vətəndaşın qeyd etdiyi kimi idi. İstehlakçıların hüquqları haqqında qanun və Azərbaycan dili haqqında qanunun pozuntusu halı var idi. Biz şirkət rəhbərliyinə bu barədə təkrar məlumat verdik”.

“Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova isə qeyd edib ki, market həmin şirkət qarşısında iki tələb qoyub və əməkdaşlığı dayandırıb.

Tələblərdən biri erməni dilinin məhsul üzərindən çıxarılmasıdır, növbəti tələb isə Azərbaycan dilində məhsul haqqında məlumat daxil ediləcəkdir. Tələblərə əməl edilsə əməkdaşlıq yenidən bərpa ediləcək, əməl edilməyəcəyi təqdirdə isə əməkdaşlıq həmişəlik dayandırılacaq”.

Minval.info