Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.

Minval.info xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri aprel döyüşləri zamanı Azərbaycan ordusu tərəfindən azad edilən Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə rayon sakini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

İcra başçısı Alı Alıyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. O qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova və digər çıxış edənlər düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.

Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslərlə davam etdirilib.