“Audi” şirkəti İspaniyanın “Barselona” klubu ilə əməkdaşlığı dayandırıb.

“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi ilə müqavilə iyunun 30-da başa çatıb. Bundan sonra Almaniya avtomobil şirkəti “Barsa”nın oyunçularından konsernin avtomobillərini qaytarmalarını xahiş edib. Həmin maşınlar sponsorluq sözləşməsinin qüvvədə olduğu müddətdə futbolçulara pulsuz təqdim olunmuşdu.

Klub Asiya turundan qayıtdıqdan sonra avtomobilləri geri verməlidir. “Volkswagen Group”a daxil olan şirkət komandanın futbolçularının səfərlər zamanı rəqib şirkətinin maşınlarından həddən artıq yararlanmalarından narazı qalıb.

Qeyd edək ki, “Barselona” iyulun 27-də Yaponiya “Vissel Kobe”si ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda “Vissel Kobe”də Kataloniya komandasının sabiq futbolçusu Andreas İnyesta çıxış edir.