O həmişə tək və köməksiz qalacağından qorxub. Hətta atasının SSRİ-yə 18 illik hakimiyyəti dövründə də bu qorxusunu tez-tez dilə gətirib. Bəlkə də seçdiyi həyat yolunun yanlış olduğunu dərk edərək bu qorxunu yaşayıb. Amma buna baxmayaraq, Qalina Brejneva öz həyat tərzini dəyişməyib.

18 aprel Qalina Brejnevanın doğum günüdür. 90 il öncə Brejnevlər ailəsinin ilk övladı dünyaya gəlib. Həmin vaxt Leonid Brejnevin 23 yaşı olub, Yekaterinburqda İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyib.

Atası iş yerlərini dəyişdikcə Qalinanın yaşayış məkanları da dəyişib. Yeniyetməlik illəri müharibə dövrünə təsadüf edən Qalina 1945-ci ildə qələbəni atası ilə birgə Ukraynada qarşılayıb. Həmin dövrdə Brejnev Ukrayna cəbhəsinin 18-ci ordusunda siyasi şöbənin rəisi vəzifəsində xidmət edib.

16 yaşına çatdıqda ailədə Qalinanın təhsil seçimi əsas mövzulardan biri olub. Qalina Moskvada aktyorluq fakültəsinə daxil olmaq istəyini bildirəndə Brejnev qızının bu arzusuna qarşı çıxıb. Beləliklə, Qalina aktrisalıq sevdasından əl çəkib, valideynlərinin istəyi ilə atsının birinci katib olduğu Moldaviyada yerli universitetin filologiya fakültəsində təhsil alıb.

Əslində bu təhsil Qalina üçün vacib də olmayıb. Gənclik illərindən həmyaşıdlarından fərqli olaraq əyləncə dolu bir həyat tərzi seçən Qalina heç vaxt gələcək karyerası haqqında düşünməyib. Onu yalnız yeni sevgilər, yeni eşq macəraları düşündürüb.
1951-ci ildə Moskva sirki Kişinyova qastrol edəndə Qalina sirk ustası-akrobat Yevgeni Milayevə aşiq olub. Nə aralarında olan 20 yaş fərqi, nə də Milayevin iki uşaq atası olması bu sevginin qarşısını ala bilməyib. Beləliklə, Qalina atasının heç bir fikir və rəyini nəzərə almadan sirk ustası ilə ailə həyatı qurub. Elə ilk əmək fəaliyyətinə də Milayevin yanında geyim üzrə köməkçi vəzifəsində başlayıb. Qalina Yevgeni Milayevin ekiz uşaqlarını da övladlığa götürüb. Milayevin həyat yoldaşı doğuş zamanı vəfat etdiyindən uşaqlar öz analarını görməyiblər. Ona görə də ekizlər Qalinaya tez öyrəşiblər. Cütlüyün bir övladı dünyaya gəlib. Qalina qızına anasının adını qoyub – Viktoriya.

Qalina bu nikahından heç vaxt narazı olmayıb. O, ideal bir ailə xanımı olmaq arzusunda olsa da, Milayev onun arzusunu gözündə qoyub. Gənc qızlara xüsusi maraq göstərən Milayev gününü daha çox sevgililəri ilə keçirib. Arada yaranmış soyuq münasibət nikahın pozulmasına gətirib çıxarıb. 10 ildən sonra onlar ayrılıblar. Amma bu 10 il ərzində Yevgeni Milayev Qalinadan yetərincə səmərəli bəhrələnib. Sıravi sirk ustası Moskva sirkinin direktoru vəzifəsinə yüksəlib, ən əsası isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunub. Təbii ki, bunlar da Qalinanın atasından təkidli xahişlərinin nəticəsi idi.

33 yaşlı Qalina qızı Viktoriyanı baba və nənəsinin himayəsinə verib. Və tam sərbəst olan Qalina növbəti nikaha imza atıb. O, bu dəfə 18 yaşlı illüziyaçı İqor Kioya aşiq olub. Nikah mərasimi valideynlərdən xəbərsiz keçirilib və nikahdan dərhal sonra cütlük Soçiyə yollanıb. Qalina ailəsinə kiçik bir əlyazma göndərib: “Ata, mən vurulmuşam, onun 25 yaşı var…”. Qalina vəziyyəti bir az yüngülləşdirmək üçün İqor Kionun yaşını bir az çoxaldıb. Ancaq Brejnev bu dəfə yumşalmayıb. Lenid İliç məsələyə DTK əməkdaşlarını cəlb edib. Səhərisi gün sözə baxmayan Qalina xüsusi reyslə Moskvaya qaytarılıb. İqor Kioya isə DTK əməkdaşları sözün əsl mənasında fokus göstəriblər, onun nikah ştamplı pasportu alınıb, bir saatdan sonra ştampsız vəziyyətdə geri qaytarılıb.

Sevgililər bir neçə il gizli görüşüblər. Mehmanxanalar, dost-tanış evləri onların gizli görüş yerləri olub. Artıq baş katib vəzifəsində olan Brejnev DTK vasitəsilə İqor Kioya növbəti ciddi xəbərdarlığı edib. Bu xəbərdarlıqdan sonra Kio Qalina ilə görüşlərini kəsib.

Qalinanın üçüncü sevgisi atasının ürəyincə olub və o rəsmi nikaha razılıq verib. 41 yaşlı Qalina bu dəfə 34 yaşlı Yuri Çurbanovla ailə həyatı qurub. Mayor rütbəli Çurbanov baş katibin qızı ilə nikaha girmək üçün tez-tələsik həyat yoldaşı ilə boşanıb. Yeni nikah Çurbanovun həyatına yeni uğurlar gətirib, mayor Çurbanovun rütbələri ildırım sürəti ilə dəyişərək general-leytenant rütbəsinə qədər qalxıb və o, SSRİ daxili işlər nazirinin müavini kürsüsünə sahib olub. Amma generalın gözqamaşdırıcı həyatının sonu qaranlıq həbsxana həyatı ilə yekunlaşıb. 1987-ci ildə “pambıq işi” ilə əlaqədar Çurbanov həbs edilib. Qalina 1991-ci ildə Çurbanov həbsdə olarkən nikahın rəsmi pozulmasına nail olub.

Bu 3 nikah Qalina Brejnevanın şəxsi həyatının rəsmi tərəfidir. Baş katibin qızının “Sovetskaya kultura” qəzetinin əməkdaşı Oleq Şirokovla, jurnalist Aleksandr Avdeenko, balet ustası Maris Liepa, müğənni Boris Buryatsla davamlı sevgi romanları illər boyu gündəmin əsas mövzusuna çevrilib, hətta Krem kabinetlərinə müzakirəyə səbəb olub.

Qalina Brejnevanı diqqət mərkəzində saxlayan təkcə onun saysız-hesabsız sevgi macəraları olmayıb. Zəngin və dəbdəbəli həyat, brilyant ehtirası, xarici avtomobillər, dövlət məmurlarına qarşı sayqısızlıq hər dəfə Brejnevi qızına görə utandırıb. Qalina heç vaxt atasının siyasi fəaliyyətinə müdaxilə etməyib. Amma onun birinciliyindən kifayər qədər bəhrələnib. Məsələn, o ailədə eşidəndə ki, yaxın günlərdə qızıl və brilyantın qiyməti qalxacaq, səhərisi gün Moskvanın qızıl mağazalarında və anbarlarda olan bütün zinət əşyalarını alıb və özü də nisyə. Qiymətlər bir neçə gündən sonra qalxanda o həmin əşyaları yeni qiymətlə qaytarıb və arada olan pul fərqini götürüb. Bu isə o dövr üçün çox böyük bir məbləğ sayılıb.

Atasının ölümündən sonra əvvəlki zəngin həyatını yaşaya bilməyən Qalina içkiyə qurşanıb. Sonrakı rəhbərlərdən Andropov və Çernenko oz qısa hakimiyyətləri dövründə ona kömək etmək istəsələr də, cəhdləri boşa çıxıb. Çünki Qalina ilə ayıq vaxtı söhbət etmək mümkün olmayıb. Bəzən isə aylarla onun yerini, harada olmasını müəyyənləşdirmək mümkün olmayıb. Qızı Viktoriyanın da anasını yenidən normal həyata qaytarmaq cəhdi də boşa çıxıb. Nəhayət, alkoqollu içkilərin təsirindən psixoloji durumunda ciddi problem yarananda qızı onu məcburi şəkildə psixatriya xəstəxanasına yerləşdirib.

1998-ci ildə isə sabiq baş katibin qızı elə həmin xəstəxanada 69 yaşında vəfat edib. Qalina Brejneva Moskvada, Novodeviçye qəbirstanlığında anasının yanında dəfn olunub.

İlham Cəmiloğlu